Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Valdaydan sonra, sərt Aşqabad silləsi



Paşinyan İlham Əliyevin qarşısında dərsini bilməyən şagirdə bənzəyir

Newscenter.az.14.10.2019.
Prezident İlham Əliyevin son 10 gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyana və erməni separatizminə sərrast və tutarlı cavabı bir neçə gündür ki, siyasi gündəmdə, o cümlədən düşmən Ermənistanın ictimai-siyasi dairələrində, mediada əsas mövzuya çevrilibdir. Azərbaycan Prezidentinin Paşinyana ard-arda 2-ci dəfə sərt sillə təsiri bağışlayan xəbərdarlıqları erməni ictimaiyyətində çaxnaşma yaradıb. Artıq ermənilər də öz baş nazirlərinin siyasi savadsızlığını, bacarıqsızlığını və Azərbaycan Prezidentinin iltümatuma bərabər çıxışları qarşısında biabırçı vəziyyətə düşməsini etiraf edirlər və Paşinyanın Ermənistanı dünya birliyi qarşısında rusvayçı duruma salmasına hiddətlənirlər.

Əslində nə baş verir?

Siyasi mənzərə bundan ibarətdir ki, Ermənistanın baş naziri xəlvəti yerlərdə Azərbaycanın əleyhinə fikirlər səsləndirsə də, qlobal tədbirlərdə, Azərbaycan Prezidenti İlham Əliyevin təmsil olunduğu mötəbər tədbirlərdə lal-dinməz qalır, əlini qulağının dibinə qoyub maddım-maddım baxır. Paşinyanın bu görkəmi daha çox dərsini bilməyən şagirdin müəllim qarşısında qorxaqcasına gizlənməyə yer axtardığı səhnəyə bənzəyir. Cəsarətsiz şəkildə nəsə demək istəsə də, nala-mıxa vurur, məntiqsiz, sübut-dəlili olmayan sərsəm fikirlər söyləyir, ancaq İlham Əliyevin yaylım atəşini xatırladan sərrast hədəfləri qabağında büzülərək özünü və təmsil etdiyi dövləti biabır edir, erməninin qorxaq və aciz simasını dünaya nümayiş etdirir.

Soçidəki Valday bəyanatının zərbəsinin təsirindən ayılmamış Ermənistanın baş naziri Aşqabadda Azərbaycan Prezidentinin daha bir ağır həmləsi qarşısında darmadağın oldu. Azərbaycan Prezidentinin daşnak ordusunun keçmiş generalı, agentura işi çərçivəsində almanların yanında Qaregin Njde ləqəbi ilə xidmət etmiş satqın Ter-Arutyunyana heykəl qoyub onun xatirəsini ədədiləşdirən ermənilərin bu nasist əməlləri barədə konkret faktlara əsaslanan çıxışı Ermənistan rəhbərliyinin və dövlətinin daha bir terrorçu simasını ortaya qoydu. Cənab İlham Əliyev MDB ölkələrinə və dünyaya mesaj verdi ki, bəşəriyyət faşizmi insanlığa və humanizmə real təhlükə hesab edərək ona qarşı birləşdiyi halda Ermənistan rəhbərliyi fazişmə xidmət göstərənləri əbədiləşdirməyə çalışır.

Ermənistan rəhbərliyi bu gün də faşizm siyasətinə bağlıdır.
Azərbaycan Prezidenti bu bəyanatı ilə Rusiyanın təhlükəsizlik orqanlarına Njdenin nasistlərin əlaltısı olması və Sovet Ordusunun arxa cəbhəsində təxribatlar törətmək üçün agentlər cəlb etməsi ilə bağlı müvafiq araşdırmalar aparılmasına və ciddi tədbirlər görülməsinə dair hüquqi əsaslar vermiş oldu. Bundan sonra çox güman ki, Njdeyə memorial qoyulmasının təşəbbüskarları və “nasizmin reabilitasiyası” cəhdində iştirak edənlər həm Rusiya qanunlarına, həm də beynəlxalq qanunlara görə öz layiqli cəzalarını almalıdırlar.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş