Newscenter.az.21.10.2019. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) təşkilatçılığı ilə 28 sentyabr-18 oktyabr tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən Arıçılıq məhsullarının 20-ci Respublika sərgi-satış yarmarkası başa çatıb. Newscenter.az xəbər verir ki, bu gün Aqrar Tədqiqatlar Mərkəzində yarmarkanın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Leyla Məmmədova bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyasının da dəstək veriyi yarmarkada ölkəmizin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Yarmarkada iştirak edən hər arıçıya satışa bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.
“Builki yarmarka öz innovativliyi ilə əvvəlki yarmarkalardan fərqlənib. Belə ki, yarmarkaya qeydiyyat 6-11 sentyabr tarixlərində, tamamilə onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Balların qəbulu prosesi isə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Xocahəsən yolu, 57 ünvanında yerləşən anbarında aparılıb. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb”.
Leyla Məmmədovanın sözlərinə görə, bu il ilk dəfə satışa çıxarılan hər bir arıçılıq məhsulunun üzərində ştrix-kod yerləşdirilib ki, bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq aldıqları məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını, eyni zamanda məhsulun tərkibi və laboratiriya göstəricilərini öyrənə bilib.
Leyla Məmmədova bildirib ki, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. AQTA tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində ümumilikdə 109,7 ton arıçılıq məhsulundan 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib.
Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yarmarkanın təşkili və müştəri məmnunluğu səviyyəsini müəyyənləşdirmək məqsədilə alıcılar və satıcılar arasında rəy sorğusu keçirilib. Bal yarmarkasında iştirak edən ölkənin müxtəlif rayonlarından olan 290 fermer arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 95,52%-ni kişilər, 4,48%-ni qadınlar təşkil edib. Sorğuya cəlb olun satıcıların 94,48%-i yarmarkanın yüksək səviyyədə təşkil olunduğunu bildirib, respondentlərin yalnız 5,52%-i yarmarkanın təşkilindən qismən razı qaldıqlarını bəyan ediblər.
Yarmarkanın 5 ballıq sistem üzərindən qiymətləndirilməsi məqsədilə 2475 alıcı arasında sorğu keçirilib. Alıcıların 87%-i arıçılıq məhsullarının qiymətlərindən razı olduğunu, 11%-i qismən razı olduğunu bəyan edib, respondentlərin 2%-i isə qiymətlərin onları qane etmədiyini qeyd edib. Sorğu nəticəsində məlum olub ki, rəyi soruşulan alıcılardan 747 nəfər arıçılıq məhsulları üçün 25-50 manat, 741 nəfər 50-100 manat, 364 nəfər 100-150 manat, 305 nəfər 0-25 manat, 159 nəfər 150-200 manat, 138 nəfər 200 manat və daha artıq pul xərcləyib. Təhlillər onu göstərir ki, alıcılar daha çox cökə, çiçək, dağ, meşə və şabalıd balı almağa üstünlük verir. Belə ki, alıcıların 1147 nəfəri cökə, 983 nəfəri çiçək, 622 nəfəri dağ, 546 nəfəri meşə və 138 nəfəri şabalıd balı alıb.
Sorğuda iştirak edən 1709 alıcı yarmarka ilə bağlı məlumatı KİV vasitəsi ilə əldə etdiklərini vurğulayıb.
Qeyd edək ki, yarmarkanın son günündə ATT tərəfindən 321 arıçı yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı”, 38 arıçı nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçı isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” ilə təltif olunublar.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.
Orxan