Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qəlbimin bir hissəsidir



İntiqam Abışov: "Harada yaşamağımızdan asılı olmayaraq hər kəs öz dilini və mədəniyyətini bilməlidir"

"Qazaxıstan hər zaman Azərbaycanın vacib tərəfdaşı olub, ikitərəfli diplomatik münasibətlər yüksək səviyyədə inkişaf edib və bu münasibətlər çərçivəsində Qazaxıstan Azərbaycanı hər zaman dəstəkləyib"

Newscenter.az.28.10.2019.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyi, onların seçkili orqanlarda iştirak edib təmsil olunması barədə zaman-zaman səsləndirilən istəklər, bununla bağlı irəli sürülən təşəbbüslər artıq reallığa çevrilməkdədir. Bu gün dünyanın bir çox ölkəsində mərkəzi hakimiyyətlərdə, eləcə də qanunverici orqanlarda, parlamentlərdə təmsil olunan soydaşlarımız var ki, onlar da imkan düşdükcə həmin təyinatlı və seçkili orqanlarda Azərbaycanın haqq səsini qaldırır, ölkəmizin üzləşdikləri problemləri diqqətə çatdırırlar. Bu sırada Qazaxıstan Respublikasını da xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, hazırda Qazaxıstan Respublikasının parlamenti və yerli özünüidarəetmə orqanı sayılan maslixatda (məclis) təmsil olunan azərbaycanlılar var ki, soydaşlarımız bu imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini qazax qardaşlarımızın nəzərinə çatdırırlar. Onu da qeyd edək ki, bu kimi imkanlar həmçinin Nur-Sultan ilə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verir. Elə Qazaxıstanın Karaqanda vilayətinin Temirtau şəhərinin maslixatının (məclis) deputatı, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Nur Otan Partiyasının üzvü İntiqam Abışov da bu qənaətdədir. İntiqam Abışov "OLAYLAR"-a verdiyi müsahibədə hazırda Nur-Sultan ilə Bakı arasında mövcud olan münasibətlər, bu münasibətləri inkişaf etdirmək istiqamətində atılması vacib olan addımlardan da danışıb.

- İntiqam müəllim, nə vaxtdan Qazaxıstanda yaşayırsınız və Qazaxıstandan baxanda Azərbaycanı necə görürsünüz?

- Əvvəla mənə diqqət ayırdığınız üçün təşəkkürümü bildirirəm. Məlumat üçün qeyd edim ki, mən milliyətcə azərbaycanlı olsam da, Qazaxıstan Respublikasında anadan olmuşam. Qazaxıstan Respublikasının, Karaqanda vilayətinin Temirtau şəhərində dünyaya gəlmişəm. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Temirtau şəhəri, Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayevin ilk əmək fəaliyyətinə başlamış olduğu şəhərdir. Həmçinin Temirtau Qazaxıstan Respublikanın ən böyük metallurgiya zavodlarının yerləşdiyi metallurgiya şəhəri kimi tanınır. 37 yaşım var və iki ali təhsil almışam. Bunlardan biri hüquq, digəri isə iqtisadiyyatdır. Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıram. Temirtau şəhər maslixatı (məclisinin) ilk azərbaycanlı deputatı və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbəri olduğu Nur Otan Partiyasının üzvüyəm.

Qazaxıstanda yaşasam da, tez-tez Azərbaycana baş çəkirəm və daim ölkədə müsbət dəyişikliklər, inkişafın şahidi oluram. Azərbaycanın necə inkişaf etdiyini, dünya siyasi olimpində layiqli yer tutduğunu, iqtisadi və siyasi əlaqələrinin gündən-günə inkişaf etdiyini əyani şəkildə görürük. Buna Azərbaycanın Qazaxıstan Respublikası və digər dünya ölkələri ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq, qardaşlıq münasibətlərini misal göstərmək olar. Günümüzdə dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxlu sayda turistlər gəldiyinin şahidinə çevrilirik. Bu da ondan irəli gəlir ki, Azərbaycanda turistlərə göstərilən müvafiq xidmət, eləcə də qonaqpərvərlik ən yüksək səviyyədədir. Buna görə də Azərbaycan Qafqaz regionunda turistlər üçün cəlbedici ölkəyə çevrilib. Təbii ki, bütün bunlara günümüzdə Azərbaycan dövləti gənc və enerjili Prezident İlham Əliyevin gərgin əməyi, həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olub. Bu sırada Azərbaycan və Qazaxıstanın da daxil olduğu Türk Şurası çərçivəsində qurulan yüksək səviyyəli əməkdaşlığı da qeyd etmək yerinə düşər.

- Hər nə qədər yaxşı şəraitdə yaşamasından asılı olmayaraq hər zaman insanda bir Vətən sevgisi olur, bir çox hallarda Vətən yadına düşür. Bu kimi hallarda Siz çarəni nədə görürsünüz və ümumiyyətlə Vətən həsrətini Qazaxıstanda nəylə qarşılayırsınız?

- Öncəliklə onu qeyd edim ki, Azərbaycan qəlbimin bir hissəsidir və mən onu çox sevirəm. O ki qaldı sualınıza, qeyd etməliyəm ki, milliyyətcə azərbaycanlı olduğum üçün Azərbaycanla çox sıx, geniş münasibətlərim var. Azərbaycanda kifayət qədər qohumlarım və dostlarım var. Onu da qeyd etmək istəyirəm ki, Qazaxıstan çoxmillətli bir ölkədir və Qazaxıstanda Azərbaycanın müxtəlif bölgələrindən olan çox sayda azərbaycanlı yaşayır. İmkan düşdükcə ailəmlə birlikdə Azərbaycana gedirəm. Adətən Bakı, Sumqayıt, Biləsuvar və Naftalanda oluruq. Anam və həyat yoldaşımın müntəzəm olaraq hazırladıqları Azərbaycanın ləzzətli yeməkləri bizə milli mətbəximizi unutmamaq üçün fürsət verir. Onu da qeyd edim ki, evdə, ailəmizdə bir qayda olaraq Azərbaycan dilində danışırıq. Hesab edirəm ki, harada yaşadığımızdan asılı olmayaraq hər kəs öz dilini və mədəniyyətini bilməlidir.

- Bildiyimiz qədər siz Qazaxıstanın yerli özünü idarəetmə orqanının deputatısınız. Ümumiyyətlə, Qazaxıstanda siyasi fəaliyyətlə məşğul olmaq nə dərəcədə çətin və ya asandır?

- Bəli, sizin də qeyd etdiyiniz kimi mən Temirtau şəhər məclisinin deputatıyam. Sözügedən şəhərin deputatı olaraq, əsasən mənim vəzifəm, şəhər icra hakimiyyəti ilə birlikdə şəhər əhalisinin bu və ya digər məsələlərini həll etmək və onlara problemlərinin həllində kömək göstərməkdir. Bir sözlə şəhər sakinlərinin yaşayış şəraitindən məmnun olması üçün hər şeyi etmək lazımdır. Həmkarlarımın da hər birinin bölündüyü öz rayonlar var. Bir qayda olaraq qəbul günlərində vətəndaşları qəbul etdiyimiz zaman onların problemlərini həll etməyə, onlara mümkün qədər kömək göstərməyə çalışırıq. Müraciətlər, sakinlərin üzləşdiyi problemlər isə fərqlidir. Bu sıraya hüquqi yardım, məsləhət, maddi, sosial və s. kimi təminatlar daxildir. Əlbəttə ki, bu kimi işlər çox vaxt və fəaliyyət tələb edir. Amma nəticə müsbətdirsə və insana kömək edə biliriksə, onda bundan ruhlanır və günün faydalı keçdiyinə əmin oluruq.

- Bir deputat kimi hazırda iki ölkə arasındakı əlaqələrin səviyyəsindən razısınızmı və bu əlaqələri hansı yollarla daha da inkişaf etdirmək mümkündür?

- Deputat olaraq hesab edirəm ki, iki ölkə arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Xəzər dənizində əməkdaşlıq, xüsusən də neft sənayesi sahəsində qarşılıqlı əlaqələr yaxşı inkişaf edir. İki ölkə arasında düzgün istiqamətdə inkişaf edən çox yaxşı iqtisadi və siyasi əlaqələr mövcuddur. Həmçinin miqrasiya sahəsində müsbət dinamika hiss edilir, artıq vətəndaşların respublikalarda vizasız qalma şərtləri asanlaşdırılıb və əvvəllər təbiq edilən zaman məhdudiyyəti bir qədər artırılıb. Qazaxıstan hər zaman Azərbaycanın vacib tərəfdaşı olub, ikitərəfli diplomatik münasibətlər yüksək səviyyədə inkişaf edib və bu münasibətlər çərçivəsində Qazaxıstan Azərbaycanı hər zaman dəstəkləyib. Hazırda da dəstəkləyir. İnanıram ki, ölkələr arasında əlaqələrin növbəti inkişaf mərhələsi Azərbaycanın Gömrük İttifaqına daxil olması ola bilər. Bu ölkələr arasında ticarət dövriyyəsini artırmaq və yeni iş yerlərinin açılmasına imkan yaradar.

İki qardaş respublika arasında turizm sahəsini də inkişaf etdirmək lazımdır. Bu gün dünyanın müxtəlif ölkələrindən, Özbəkistan, Rusiya, ərəb ölkələrindən Azərbaycanın turizm istirahət mərkəzlərinə xarici turistlərin səfər etdiklərinin şahidi oluruq. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin turizm istirahət mərkəzlərinə Qazaxıstandan gedən turistlərin faiz göstəricisi yüksək deyil. Ona görə də hər iki ölkənin turizm istirahət mərkəzləri ilə bağlı Azərbaycan və Qazaxıstan vətəndaşlarına daha çox məlumat vermək tələb olunur. Düşünürəm ki, azərbaycanlılar Almatı, Nur-Sultan, Burabay, Şımkent şəhərlərini bəyəndiyi kimi, qazaxlar da eyni zamanda Bakı, Masallı, Yardımlı, Şəki, Naftalanı çox bəyənəcək və həmin yerlər barədə onlarda xoş, unudulmaz təəssüratlar qalacaq.

- Astana ilə Bakı arasında əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq, bu əlaqələri inkişaf etdirmək üçün bir deputat kimi hansısa təşəbbüslər, təkliflərlə çıxış etmisinizmi?

- Deputat olaraq hər zaman iki respublika və türk xalqları arasındakı yaxınlaşmanın tərəfdarı olmuşam, bu istiqamətdə səylər göstərmişəm. Hesab edirəm ki, Nur Otan Partiyası ilə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının daimi təmasları çərçivəsində sıx əməkdaşlığı lazımdır. Müxtəlif sahələrdə əməkdaşlıq memorandumlarının imzalanması, ortaq konfranslar və tədbirlərin keçirilməsi mümkündür. Hazırda hər iki partiyanın gənclər qanadı arasında əlaqə yaratmağa və şəhər şöbələri arasında qarşılıqlı əməkdaşlığı təşkil etməyə çalışıram. Əminəm ki, bu qarşılıqlı faydalı əməkdaşlıq olacaq.

- Yəqin, deputat olaraq Qazaxıstanda yaşayan soydaşlarımızın əsas üzləşdikləri problemlərlə maraqlanmısınız. Həmin problemlər arasında daha çox diqqət çəkən nədir?


Azərbaycan Respublikası vətəndaşlarının Qazaxıstan Respublikası ərazisindəki əsas qanun pozuntuları bunlardır. Miqrasiya qanunvericiliyinin pozulması, Qazaxıstan Respublikası ərazisində icazəsiz işləmək, qeydiyyat müddəti bitmiş sənədlər, sənədləri itirmək və s.

- Bu neçə illərdə Qazaxıstanda yəqin ki, Azərbaycan diasporu da formalaşıb, Yeri gəlmişkən bu ölkədə diasporumuzun vəziyyətini necə qiymətləndirərədiniz?

- Bu gün Qazaxıstanda fəal bir Azərbaycan diasporu var və mən özüm də bir diaspor üzvüyəm. Diasporanın tərkib hissəsi olaraq azərbaycanlılar mütəmadi olaraq Qazaxıstanda keçirilən respublika və şəhər tədbirlərində iştirak edir, Azərbaycan millətinə mənsub olan insanların problemlərini və onların həlli yollarını müzakirə edirlər. Həmçinin, diaspor vasitəsilə Azərbaycan vətəndaşları hüquq mühafizə orqanları və ədliyyə qurumları ilə qarşılıqlı əlaqə yarada bilərlər. Azərbaycan vətəndaşları ilə işləmək baxımından Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin fəaliyyətini, onun azərbaycanlılara dəstəyini xüsusilə vurğulamaq istəyirəm. Səfirlik hər zaman diasporun tələblərinə cavab verməyə çalışıb. Hətta lazım gələrsə, Azərbaycan vətəndaşlarına qanun çərçivəsində kömək etməyi də əsirgəməyib.

- Hər iki ölkənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunması Astana ilə Bakı arasında münasibətlərin daha da yaxşılaşmasına hansı müsbət təsir göstərə bilər?


-Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, Azərbaycan və Qazaxıstan respublikaları arasında münasibətlər çox güclüdür və bu qarşılıqlı münasibətlər durmadan inkişaf edir. Məncə, Azərbaycanın Avrasiya İqtiisadi Birliyinə daxil olması iki ölkə arasında daha sıx əməkdaşlığa təkan verər.
olaylar.az
Xəbəri paylaş