Newscenter.az.4.11.2019. Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kənd təsərrüfatı işçilərinin peşə gününə həsr edilmiş “Aqrar sahənin inkişafında innvovativ texnologiyaların rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə yanaşı, Tərəvəzçlik, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutlarının əməkdaşları, fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov institutda görülən işləri yüksək qiymətləndirərək toxumçuluq problemlərinin həllindən danışıb. İlkin toxumçuluğun təşkili, fermerlər üçün keçirilən təlimlərin keyfiyyətinin artırılması xüsusi vurğulanıb. F.Kərimov elmi-tədqiqat işlərinin aparılmasında yeni prosedur qaydalarının müəyyənləşdirilməsindən, strategiyasından ətraflı söz açıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai cıxışında aqrar sahədə innovativ xarakterli elmi-texniki yeniliklərin bazarın tələb və təklifinə cavab verəcək rəqabətqabiliyyətli bitkiçilik və heyvandarlıq məhsulların istehsalında, maya dəyərinin aşağı düşməsində və fermerlərin əldə olunacaq gəlirlərinin artmasında böyük rol oynayacağını diqqətə çatdırıb. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə hədəflənən Dövlət Proqramları, Strateji Yol Xəritəsində təsbit olunan strateji hədəflər, “Azərbaycan-2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının aqrar sektorun inkişafına müsbət təsir edəcəyini bildirib.
Konfransda “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev, aparıcı elmi işçisi Bəhlul Abbasov, böyük elmi işçi Rəhminə Zamanova və digərləri çıxış ediblər. “Moran Agro” MMC-nin direktoru Emil Elçin innovativ texnologiyaların aqrar sahənin inkşafındakı rolu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə bağlanmış əməkdaşlıq haqqında müqavilənin əhəmiyyəti, müqavilə çərçivəsində fermerlər üçün yaradılacaq açıq tarla platformasının məqsəd və vəzifələrindən danışıb.
Sonda institutun bir qrup əməkdaşı, o cümlədən “Moran Agro” MMC-nin direktoru Emil Elçin kənd təsərrüfatının inkişafında göstərdikləri xidmətlərə görə Fəxri Fərmanla təltif ediliblər. Konfrans iştirakçıları institutun ayrı-ayrı şöbə və laboratoriyalarının elmi fəaliyyətini özündə əks etdirən sərgi ilə tanış olublar.
Orxan