Newscenter.az.6.11.2019. “Bakı Metropoliteni” QSC-nin ənənəvi olaraq həyata keçirdiyi sosialyönümlü layihələrin önəmli bir hissəsi də metro stansiyalarında təşkil etdiyi maarifləndirici sərgilərdən ibarətdir. XX əsrin görkəmli şəxsiyyətlərindən olan meksikalı rəssam Frida Kalo və Meksikada onun özü qədər tanınmış simalardan olan Dieqo Riveranın 90-dan artıq əsərlərindən ibarət sərgisi Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə məhz Bakı metropoliteninin “Gənclik” stansiyasının keçidlərində keçiriləcək.
Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, incəsənət tarixinin ən çox müzakirə olunan cütlüyünün unikal sərgisinin açılış mərasimi 2019-cu il noyabrın 7-də saat 11:00-da “Gənclik” stansiyasında olacaq. Tədbir bütün dünyada populyar olan Meksika milli musiqisi Mariaçi ilə müşayiət ediləcək. Onu da xüsusilə vurğulamaq lazımdır ki, 2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev muzeylərində keçirilən sərgidən sonra, ilk dəfə Bakıda nümayiş etdiriləcək və altı ay davam edəcək.
Anar