Newscenter.az.7.11.2019. Parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun 2002-ci ildə öz ev muzeylərində keçirilən sərgilərindən sonra ikinci dəfə “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin açılışı məhz Bakıda, noyabr ayının 7-də “Gənclik” stansiyasında keçirilib. Newscenter.az xəbər verir ki, Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə keçirilən bu unikal sərginin açılışında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Unibankın rəsmi nümayəndələri iştirak ediblər.
Sərgini açıq elan edən mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov tamaşaçıları salamlayaraq Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresə söz verib. Səfir Azərbaycan və Meksika arasındakı mədəni əlaqələrin inkişafına toxunaraq, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş sərgilərdə Meksika rəssamlıq nümunələrinin nəinki Bakı, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb. “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin də metro keçidlərində təşkil edilməsinin əsas məqsədinin bütün dünyada məşhur olan cütlüyün sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara da dərin təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Əbubəkirov öz çıxışında bu sərgidə tamaşaçılara təqdim olunmuş Dieqo Rivera və Frida Kalonun 90-dan artıq əsərlərinin seçilməsində nazirlik əməkdaşlarının da yaxından iştirak etdiyini xüsusi olaraq vurğulayıb, həmçinin belə sosialyönümlü layihələrin Bakı metropoliteni tərəfindən təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib.
Daha sonra tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov Meksikanın görkəmli incəsənət nümayəndələrinin sərgisinin məhz Bakı metropolitenində keçirilməsinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi və münasibətlərin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib. H. Məmmədov öz çıxışında onu da xüsusi olaraq vurğuladı ki, sərnişin axınının sıx olduğu
metropolitendə belə bir sosialyönümlü layihənin keçirilməsi incəsənət və mədəniyyətin təbliği baxımından əhəmiyyətli addımdır.
Tədbirdə iştirak edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov öz çıxışında bildirdi ki, paytaxt sakinlərinin bu nadir sənət inciləri ilə məhz metro stansiyanın keçidlərində tanış olmağın onlar üçün əla fürsət olduğunu qeyd edərək, təşkilatçılara öz təşəkkürünü bildirib.
Unibankın nümayəndəsi öz çıxışında ölkə mədəniyyətinin günü-gündən daha da inkişaf etdiyini və bu zəmində, layihənin əsas məqsədinin möhtəşəm cütlüyün əvəzolunmaz sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, incəsənət üçün metroya enənlərin sayının daha çox olacağını vurğulayıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu layihənin QSC-nin sosialyönümlü layihələrinin tərkib hissəsi olmaqla yanaşı, metro sərnişinlərinə ilk ictimai töhfəsi olduğunu da sərgi iştirakçılarının diqqətinə çatdırıb. B.Məmmədov onu da vurğulayıb ki, bu sərginin əsas məqsədi stansiya keçidlərindən istifadə edənləri, eləcə də sənətsevərləri Dieqo Rivera və Frida Kalonun sənət əsərlərinin incəlikləri ilə yaxından tanış etməkdir. "Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva açılış mərasimindən sonra sərgi ilə yaxından tanış olan iştirakçıların nəzərinə çatdırıb ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək kifayətdir. L.Babayeva onu da bildirib ki, sərginin nümayişi altı ay müddətində davam etdiriləcək.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, sərgi dünyada populyar Meksika milli musiqisi olan Mariaçi ilə müşayiət edilib. Tədbir mərasimə toplaşanların xoş ovqatlı söhbət və sənət inciləri ətrafında apardıqları müzakirələrlə davam edib.
Anar