Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oktyabr ayında “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində görüş keçirilib



Newscenter.az.7.11.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi “Sağlam məktəbli” layihəsi davam edir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, cari ilin oktyabr ayı ərzində layihə çərçivəsində Respublikanın 14 bölgəsində 27 ümumtəhsil müəssisəsində məktəblilərlə görüş keçirilib. Görüşlər Bakı, Gəncə, Şəki, Sumqayıt, Xırdalan, Şirvan, Tovuz, Salyan, Ucar rayonlarında çoxluq təşkil edib. Görüşlərdə Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları qida təhlükəsizliyinə dair müxtəlif mövzularda təqdimatla çıxış ediblər.

Təqdimatlarda məktəblilərin xüsusi maraq dairəsinə daxil olan ilkin qida təhlükəsizliyi vərdişləri, gündəlik qida rasionun təşkili, süd və süd məhsullarının faydaları, məktəblinin sağlam qidalanması, qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər, enerji içkilərinin insan orqanizminə zərərləri, plastik qabların və torbaların qida məhsullarına təsiri, mal qonşuluğu və s. kimi mövzulara toxunulub. Bundan başqa Agentlik tərəfindən hazırlanan maarifləndirici video-çarxlar və materiallar şagirdlərə təqdim olunub, onların qida təhlükəsizliyi ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Layihədə ümumilikdə 3500-dən çox müəllim və şagird heyəti iştirak edib.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin 2019-20-ci tədris ilində respublikanın bütün bölgələri üzrə 120 ümumtəhsil müəssisəsində keçirilməsi nəzərdə tutulub.

Orxan
Xəbəri paylaş