Newscenter.az.8.11.2019. Noyabrın 7-də Çex Respublikasında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirlərini birləşdirən Praqa Qrupu və Çexiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, ölkəmizi bu konfransda təmsil edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov çıxışında Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit, dini əməkdaşlığın önəmi, o cümlədən dinin siyasiləşməsi, radikalizm və ekstremizm ideologiyası ilə mübarizə kimi bir sıra məqamlara toxunub.
Bildirib ki, dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır. Zaman keçdikcə günümüzdə dini ayrı-seçkilik, islamofobiya və ksenofobiya güclənir, dini radikalizm və ekstremizm geniş vüsət alır, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verilir. Bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib.
Onun sözlərinə görə, din siyasiləşəndə və ya siyasi maraqlar üçün alət-vasitə kimi istifadə olunanda çox təhlükəli və dağıdıcı silaha çevrilir. Bunun acı nəticəsi Yaxın Şərqdə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yönəlmiş mövcud təhdidlərdə görünüb.
S.Heydərov radikalizm və ekstremizm ideologiyası ilə mübarizədə effektiv nəticənin alınmasında daha çox tolerantlıq, multikulturalizm və həmrəylik ideologiyasının əhəmiyyət kəsb etdiyini qeyd edib. Dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası ölkələrin səylərinin birləşdirilməsi, siyasi iradənin nümayiş etdirilməsinin zəruriliyini vurğulayan DQİDK sədrinin müavini bu baxımdan Azərbaycanın üzərinə düşən mənəvi borcu və siyasi iradə kimi şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışdığını deyib. Ölkəmizin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində bütün dünyaya nümunə ola biləcək bir strategiya ortaya qoyduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran Komitə rəsmisi bildirib ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Bakı prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırışdır. S.Heydərov onu da vurğulayıb ki, tarixi Azərbaycan torpaqlarının 20 faizindən çoxunun monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına, işğal altında olan Dağlıq Qarabağ ərazisində çoxsaylı dini, mədəni və tarixi abidələrimizin Ermənistan silahlı birləşmələri tərəfindən dağıdılmasına rəğmən Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə edilir.
Azərbaycanın nümunəvi tolerantlıq modeli barədə faktların maraqla qarşılandığı konfransda bir sıra ölkələrin nümayəndələri respublikamızın təcrübəsi ilə daha yaxından tanış olmaq, bu sahədə əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər.
Mehman