Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər kəsə öz silahıyla cavab vermək lazımdır



Newscenter.az.14.11.2019. Mən ictimai fəal Bəxtiyar Hacıyevin Paris Sülh Forumundakı məlum təşəbbüsünü alqışlayıram. O, düşmən ölkənin 1-ci şəxsinin qarşısında həqiqətən də cəsarət nümayiş etdirdi, öz tarixi dədə-baba yurdlarından - Qərbi Azərbaycandan qovulmuş bir azərbaycanlı qaçqın gəncin haqlı mövqeyini ortaya qoydu və Ermənistanı Qarabağı işğal etməkdə ittiham etdi. Amma aldığı həyasız cavab qarşısında susqunluğu da yaxşı olmadı. Heç yaxşı olmadı. Belə mötəbər beynəlxalq platformalarda çıxış etmək, düşmən ölkənin rəhbər şəxslərinə sual vermək imkanı yaranan azərbaycanlı həmvətənlərimiz hərtərəfli hazırlıqlı, məlumatlı və hazırcavab olmalıdır. Tülküdən də hiyləgər erməni siyasətçiləri ilə polemik savaşa girmək birdənə sual verib öz işini bitmiş hesab etməkdən ibarət olmamalıdır. Odur ki, əmin olmadan danışmaqdansa susmaq daha qiymətlidir.

Bəxtiyar bəyin virtual dostları isə onun Paşinyana bir sualla müraciət etməsini isə az qala toy-bayram edirlər. Bəziləri yazır ki, Bəxtiyar Hacıyev ötən gün bizim XİN-in və Diaspor Komitəsinin işini təkbaşına gördü və s. Başa düşmürəm, XİN-in və yaxud, Diaspor Komitəsinin işi bəyəm hansısa forumda Paşinyana sadəcə bir sual verməkdənmi ibarətdir? Məncə, məsələni bu qədər də bəsitləşdirmək olmaz. Hələ başqa birisi də yazmışdı ki, Bəxtiyar Hacıyev bir sualı ilə Paşinyanı nokauta saldı. Xeyr, Paşinyan nokauta-flana düşmədi. Əksinə, Paşinyan bu sualın sayəsində fürsət qazandı və Azərbaycanı əsassız ittihamlarıyla haqsız çıxarmağa, Sumqayıt olayları və digər uydurma “faktları” əsas gətirərək Ermənistanın işğalıçılıq siyasətinə haqq qazandırmağa çalışdı. Hətta bir qədər də irəli gedərək Azərbaycan tərəfini İrəvanı, Zəngəzuru “işğal” etmək istəməkdə suçladı.

Paşinyanın Sülh Forumunda öz həyasız açıqlamalarıyla az qala Bəxtiyar bəyin üzərinə şığıması zənnimcə, rəsmi İrəvanın öz qeyri-konsturktiv mövqeyindən vaz keçməyəcəyini bir daha gözlər önünə sərmiş oldu. Odur ki, məsələyə Paşinyanın sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq üçün demarş etməsi kimi yanaşmaq da doğru olmazdı. Biz bir həqiqəti bilməliyik və yadda saxlamalıyıq ki, erməninin millətçisi də, liberalı da, sağçısı da, solçusu da Qarabağ məsələsində hər zaman eyni mövqedən - işğalçı mövqedən çıxış edəcək. Odur ki, mən Prezident İlham Əliyevin həm "Valday klubu"nun toplantısındakı çıxışında, həm də MDB dövlət başçılarının sonuncu sammitində haqlı olaraq Ermənistan rəhbərliyini qeyri-konstruktiv mövqe tutmaqda ittiham etməsini və sərt ritorikaya üstünlük verməsini tamamilə düzgün mövqe hesab edirəm. Necə deyərlər, hər kəsə öz silahıyla cavab vermək lazımdır.

Əlisahib Hüseynov-Demokratik Azərbaycan Dünyası Partiyasının sədri
Xəbəri paylaş