Newscenter.az.19.11.2019. Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib.
Newscenter.az-a Dini Komitədən bildirilib ki, Nərimanov rayonunun təhsil işçiləri və gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vəfadar Zeynalov rayondakı dini durumun sabit olduğunu deyib. Natiq çıxışında mövzunun əhəmiyyətindən danışıb və bu səpkili tədbirlərin keçirilməsinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, xalqımız hər zaman tolerantlığı, eləcə də milli və dini dəyərlərinə bağlılığı ilə seçilib. “Milləti millət edən onun ortaq dəyərləridir. Yəni xalqımızı birləşdirən dəyərlər sistemi mövcuddur”,- deyə Gündüz İsmayılov vurğulayıb.
Sədr müavini bildirib ki, Azərbaycan xalqı hər zaman digər dinlərin və millətlərin nümayəndələri ilə dost, qardaşlıq və sülh şəraitində yaşayıb ki, bu ənənə bu gün də davam etməkdədir. Bu baxımdan Azərbaycanda heç zaman milli və dini zəmində münaqişə baş verməyib.
Gündüz İsmayılov onu da qeyd edib ki, ölkə əhalisinin 96 faizini müsəlmanlar, qalan hissəsini isə digər dinlərin nümayəndələri təşkil edir. Dövlətimiz tərəfindən respublikamızda ibadət etmək, dini ritualları yerinə yetirmək üçün bütün şərait yaradılıb.
Gündüz İsmayılov təəssüflə vurğulayıb ki, günümüzdə müsəlman ölkələrində dinin siyasiləşdirilməsi, ənənəvi İslamın zəiflədilməsi, məzhəbçiliyin güclənməsi kimi hallara rast gəlinir: “Ölkəmizdə də bu cür əməllərə cəhdlər edilsə də, müvafiq dövlət qurumları tərəfindən bunun qarşısı qətiyyətlə alınır”.
Sədr müavini onu da deyib ki, İslam dini sülh, əmin-amanlıq, inkişaf, elm və təhsilə böyük önəm verən dindir. İslamda dini radikalizm və xurafat elementləri yoxdur.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları və fikirləri dinlənilib.
Mehman