Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Büdcə kəsiri 19 milyon azaldılıb – şərh



Newscenter.az.26.11.2019. “Milli Məclisdə müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı Azərbaycan prezidentinə müraciət edilib. Prezident də bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınması mümkün hesab edib”. Bunu Milli Məclisdə 2020-ci il dövlət büdcəsi layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkillərinin təkliflərini cavablandıran Maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov çıxışında gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq həmin məsələləri açıqlayıb: “Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir”. Maliyyə naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya məbləğinin 19 milyon manat azaldılması hesabına büdcə kəsiri də 19 milyon manant azalacaq.

Ümumiyyətlə, büdcə kəsirini azaltmağın ən yaxşı yollarından biri də dotasiyalara yenidən baxmaqdır. İri dövlət şirkətlərinə ayrılan dotasiyalar bəzən təyinatı üzrə xərclənmir. Hesablama Palatası iri dövlət şirkətlərinə ayrılan dotasiyalarla bağlı monitorinq keçirsə, bu məsələdə şəffaflığı təmin etmək mümkün olar. Prezidentin “qiyətlərin şişirdilmsi” ilə bağlı iradından sonra bu məsələ aktuallaşıb.

O biri tərəfdənsə, struktur dəyişikliyindən sonra xərclərin optimallaşdırılması də büdcə kəsirinin azalmasına səbəb olacaq. Struktur dəyişikliyi gələn il də davam edəcəksə bu mənbə hesabına xeyli vəsaitə qənatə etmək olar ki, bu da büdcə kəsirinin nəzərdə tutulduğu həddən (2milyard 760 milyin manat) aşağı endirmək mümkündür. Təbii ki, büdcə kəsirini azaltmağın daha effektiv yolu büdcə gəlirlərini artırmaqdır. Büdcə gəlirlərinin yığılmasını təmin edəb vergi və gömrük xidmətlərinin son göstəriciləri deməyə əsas verir ki, gələn il büdcə gəlirlərində ciddi artımlar baş verə bilər.

Bu ilin 9 ayında vergi xidməti proqnozu 106,4 faiz icra edib. Proqnoza nisbətən 337,5 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,8 milyon manat məbləğində artıq vəsait daxil olub. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. 2019-cu ilin 9 ayında Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3 milyard 645 milyon 321 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 666 milyon 829 min manat və ya 22,4% çoxdur. Bu artım dinamikası gələn il də davam etsə, büdcə kəsirini örtmək çətin olmayacaq.

Qadir İbrahimli-iqtisadçı ekspert
Xəbəri paylaş