Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dünyəvi dövlətdə təhsil və din” mövzusu müzakirə edilib



Newscenter.az.27.11.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib. Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, eləcə də rayonun orta məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini mövzunun əhəmiyyətindən danışıb. Natiq, eyni zamanda mənəvi dəyərlərimizin təbliğinə yönəldilən bu cür dini maarifləndirmənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov İslam dininin gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolunun düzgün istiqamətləndirilməli olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Ölkəmizdəki dini durum barədə də məlumat verən sədr müavini qeyd edib ki, respublikamızda ictimai-siyasi və dini sabitlik hökm sürür. Azərbaycanın demokratik, dünyəvi bir dövlət olduğunu qeyd edən Gündüz İsmayılovun sözlərinə görə, ölkədə bütün dini konfessiyaların nümayəndələrinin ibadət etmələri üçün hər cür şərait yaradılıb.

DQİDK-nın sədr müavini Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq vurğulayıb ki, dövlətin bu sahədə başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, həmçinin respublikamızda milli, dini kadrların hazırlanmasıdır. O, bu məqsədlə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsinin ölkə rəhbərliyi tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu vurğulayıb.

Sədr müavini cari ilin sentyabr ayından etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” fənninin əsas fənn kimi tədris edildiyini də diqqətə çatdırıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Mehman
Xəbəri paylaş