Newscenter.az.27.11.2019. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə noyabrın 27-də “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib.
Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dərin biliyi, mətin iradəsi, yüksək bacarığı, böyük dövlət idarəçiliyi təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərinin düzgün qurulması üçün zəruri addımlar atılıb. Murad Həsənov vurğulayıb ki, Ümummilli Liderin bu istiqamətdə həyata keçirdiyi siyasəti cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirməkdədir. Son illər multikulturalizm, sivilizasiyalararası, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər bizim ölkəmizdə keçirilir. Onun sözlərinə görə, cari ilin 14-15 noyabr tarixlərində Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin 2-ci Bakı Sammiti buna bariz nümunədir.
Çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov dini düşmənçilik, radikalizm və fanatizmin buna meyl edən cəmiyyətlər üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. O qeyd edib ki, son illərdə Yaxın Şərqdə hökm sürən siyasi proseslər fonunda ümumilikdə dini ektremizmin və dinin siyasiləşdirilməsinin böyük dağıdıcı amilə çevrilməsi hamıya məlumdur. Həm milli, həm də ideoloji sayılan belə təhlükələrə qarşı dövlətlər, cəmiyyətlər, eyni zamanda həqiqi dindarlar birgə mübarizə aparsalar daha effektiv nəticələrə nail olmaq olar.
Sədr müavini Azərbaycan əhalisinin əksər hissəsinə xas olan inanclar barədə danışaraq bildirib ki, əsas məqsədi cəmiyyət, dövlət və ailə üçün faydalı nümunəvi vətəndaş formalaşdırmaq olan İslam vəhdət və qardaşlıq dinidir. İslam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib. Xalqımıza məxsus milli-mənəvi dəyərlərin vacibliyinə də diqqət çəkən G.İsmayılov vətəndaşları, xüsusilə gəncləri əsrlərlə formalaşıb gələn və bu gün dövlət siyasətinin mühüm istiqamətinə çevrilən tolerant və multikultural ənənələrin mühafizə olunması istiqamətində səy göstərməyə səsləyib.
Rayon Təhsil şöbəsinin müdir əvəzi Mübariz İsmayılov keçirilən bu cür tədbirlərin gənclərin dini cəhətdən maarifləndirilməsi istiqamətində mühüm rola malik olduğunu deyib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Mehman