Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Əhmədov: ""Parlament seçkilərində vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması diqqətimizdədir"



Newscenter.az.28.11.2019.
Bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. Siyasi Şurada müzakirə edilən məsələlər barədə jurnalistlər üçün mətbuat konfransı keçirən hakim partiyanın sədr müavini Əli Əhmədov deyib ki, iclasda Azərbaycan parlamentinin buraxılması ilə bağlı məsələ müzakirə edilib və bununla bağlı ölkə başçısına müraciət edilmək qərara alınıb. Əli Əhmədov deyib ki, burada məqsəd ölkədə həyata keçirilən islahatların parlament səviyyəsində də özünü göstərməsidir:

“Azərbaycanda prezient İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sistemli və əhatəli şəkildə gedir. Ölkədə hakimiyyətin hər iki qolunda, istər struktur, istərsə də kadr siyasəti sahəsində islahatlar uğurla həyata keçirilir. Yeni Azərbaycan Partiyasının üzvləri belə qərara gəliblər ki, islahatlar qanunverici orqandan kənarda qalmamalıdır. Ona görə də partiyanın Siyasi Şurasının üzvlərinin mütləq əksəriyyəti belə qərara gəliblər ki, Azərbaycan parlamenti də islahatlar sisteminə cəlb edilsin”.

Əli Əhmədov bildirib ki, YAP və partiyanın Siyasi Şurası milli maraqların bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək qanunverici orqanın yeniləşməsini zəruri hesab edib: “2017-ci il referendumu nəticəsində Azərbaycan Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxması səlahiyyətləri təsbit olunub. Bu tövsiyə qərarından sonra partiyanın parlamentdə təmsil olunan deputatları ilə görüş keçirildi və onlar da Siyasi Şurasının qərarını dəstəkləyərək dövlət başçısına belə bir müraciət edilməsinə razılıq verdilər”.

Əli Əhmədov deyib ki, müraciət qısa vaxtda parlamentin rəhbərliyinə təqdim ediləcək. Əli Əhmədov ümid etdiyini bildirib ki, qanunverici orqanın rəhbərliyi parlamentin üzvlərinin çoxluğunun qərarını nəzərə alaraq parlamentin buraxılması prosesini Milli Məclisin yaxın günlərdə keçirilən iclasında reallaşdıracaq. Azərbaycanın tarixində ilk dəfə belə bir hadisənin olduğunu diqqətə çatdıran Əli Əhmədov onu da deyib ki, bu qərarda qeyri-adi nəsə axtarmaq da yersizdir və burada söhbət yalnız ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da özünü göstərməsindən gedir.

Ölkədə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın namizədlərinə gəlincə, Əli Əhmədov deyib ki, ölkədə həyata keçirilən islahatların əsas hədəflərindən biri də gənc kadrların irəli çəkilməsi, onlara dövlətçilik prosesində iştirakına şərait yaratmaqdır: “Növbəti parlament seçkilərində layiqli, vətənpərvər müasir dünya görüşlü gənclərdən ibarət deputat korpusunun formalaşması bizim diqqət mərkəziminzdə olacaq”.

Xosrov
Xəbəri paylaş