Newscenter.az.29.11.2019. Noyabrın 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və DQİDK-nın 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.
DQİDK sədrinin müavini Gündüz İsmayılov Dövlət Komitəsinin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlərdən, layihələrdən danışıb. Bu layihələrin din sahəsindəki maarifləndirmə işinə verdiyi töhfələr baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında iş planı çərçivəsində fəal əməkdaşlıq edilir, hər il konfranslar keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsinin dövlət qurumları ilə birgə təşkil edilməsinin vətəndaş cəmiyyəti üçün önəminə toxunan G.İsmayılov “Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkili” və “Milli-mənəvi dəyərlərin təbliğinə dair” istiqamətlərində elan olunan layihələrin uğurla həyata keçirilməsinə Dövlət Komitəsi tərəfindən lazimi dəstək göstəriləcəyini bildirib.
Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli çıxış edərək Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında məlumat verib. Bildirib ki, Şura növbəti il üçün QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək.
Məlumatlandırma sessiyasının sonunda QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Mehman