Newscenter.az.29.11.2019. Noyabrın 29-da işinə başlayan “Azərbaycan Turizm Sammiti 2019” açılış mərasimindən dərhal sonra 2018 – 2019-cu illərin icmalının təqdimatları ilə davam edib.
Dövlət Turizm Agentliyindən Newscenter.az-a bildirilib ki, spikerlər ötən ildən etibarən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkə daxilində görülmüş işlərdən və ölkə xaricinə istiqamətlənən marketinq fəaliyyətlərindən, onun müsbət nəticələrindən danışıblar, eyni zamanda 2020-ci ildə nəzərdə tutulan planlar haqda məlumat veriblər.
Təqdimatlarda, həmçinin hotelçilik, turizm agentlikləri, eləcə də bələdçilik sahələri üzrə formalaşdırılmış assosiativ birliklərin fəaliyyətindən söz açılıb, bu növ ictimai təşəbbüslərin önəmindən və turizmə verdiyi töhfələrdən bəhs edilib.
İnteraktiv sual-cavab sessiyası ilə davam edən sammit zamanı auditoriyadan ünvanlanan suallar Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun rəhbərliyi tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Bundan əlavə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə baş tutan mətbuat konfransında jurnalistlərin maraq doğuran suallarını cavablandırıblar.
Həmçinin Agentlik tərəfindən KİV nümayəndələri və fotoqraflar arasında keçirilən müsabiqənin qaliblərinə mükafatlar və diplomlar təqdim olunub.
Sammit “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzuları üzrə keçirilmiş sessiyalarla günün sonunadək davam edəcək.
Zaur