Newscenter.az.12.02.2020. 2020-ci ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1% artaraq 226 min nəfərə çatıb. Dövlət Turizm Agentliyindən Newscenter.az--a daxil olan məlumata görə, ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5% artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6% artaraq 64 min olub.
Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8% və 12,1% artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5% və ya 5 min artım) və Küveytdən (73.7% və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub.
İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5% artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43% və 18.4% artaraq hər biri 8 minə çatıb.
Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2%) və Pakistandan (3 min; artım 15.6%) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.
Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5% artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8% artım müşahidə olunub.