
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri artıq adi siyasi kampaniya çərçivəsini çoxdan aşıb. Bu seçkilər faktiki olaraq Cənubi Qafqaz uğrunda Moskva ilə Qərb arasında gedən geosiyasi savaşın yeni və ən təhlükəli mərhələsinə çevrilib. Hazırda İrəvanda baş verən proseslər göstərir ki, tərəflər yalnız seçkiyə deyil, seçkidən sonrakı mümkün xaos və qarşıdurma ssenarilərinə də hazırlaşırlar.
Son aylarda Ermənistanda müşahidə olunan informasiya müharibəsi, siyasi manipulyasiyalar, iqtisadi təzyiqlər, təhlükəsizlik mövzularının ön plana çıxarılması və küçə mobilizasiyası əslində klassik hibrid savaş elementləridir. Həm Moskva, həm də Qərb artıq anlayır ki, 7 iyun seçkiləri Ermənistanın gələcək taleyini müəyyən edəcək strateji dönüş nöqtəsidir.
Moskva bilir ki, İrəvanda seçkini uduzub- postseçki dövrünə hazırlşır
Kreml yaxşı başa düşür ki, seçkinin əsas favoriti Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasıdır. Seçkiqabağı sorğular da bunu təsdiqləyir. Paşinyan hakimiyyəti cəmiyyətdə hələ də ən böyük elektorata sahibdir və müxalifət parçalanmış vəziyyətdədir.
Moskvanın əsas siyasi dayaqları hesab olunan Robert Köçəryan, Samvel Karapetyan və erməni kilsəsi gözlənilən nəticəni əldə edə bilmirlər. Bu səbəbdən Kreml strategiyasını dəyişərək Paşinyanın tam üstünlüyünü əngəlləməyə və seçkidən sonrakı mərhələ üçün zəmin hazırlamağa çalışır.
Rusiyanın əsas məqsədi Paşinyanın təkbaşına güclü hakimiyyət formalaşdırmasının qarşısını almaq, Ermənistan daxilində siyasi parçalanmanı dərinləşdirmək və seçkidən sonra hakimiyyət böhranı üçün şərait yaratmaqdır. Moskva anlayır ki, Paşinyanın yenidən böyük üstünlüklə qələbəsi Ermənistanın postsovet orbitindən sürətlə uzaqlaşması demək olacaq.
Ermənistan uğrunda geosiyasi savaş
Hazırda Ermənistanda əsas mübarizə ideoloji yox, geosiyasi xarakter daşıyır. Paşinyan komandası Avropa İttifaqına inteqrasiyanı, Qərblə təhlükəsizlik əməkdaşlığını və Rusiyadan asılılığın azaldılmasını əsas prioritet kimi təqdim edir.
Müxalifət isə bunun Ermənistan üçün təhlükəli nəticələr doğuracağını bildirir və Rusiya ilə strateji münasibətlərin qorunmasının vacibliyini önə çəkir. Köçəryan və Karapetyan düşərgəsi Paşinyanı Ermənistanı “ikinci Ukraynaya” çevirməkdə ittiham edir.
Məhz buna görə seçki kampaniyası daxili sosial problemlərdən daha çox xarici siyasi seçim üzərində qurulub. Ermənistan cəmiyyəti faktiki olaraq “Rusiya modeli” ilə “Qərb modeli” arasında seçim etməyə məcbur edilir.
Kreml təzyiq mexanizmlərini işə salıb
Moskva son həftələrdə İrəvana qarşı siyasi, iqtisadi və informasiya təzyiqlərini daha da artırıb. Kreml təkcə öz imkanlarından deyil, Avrasiya İqtisadi Birliyinin resurslarından da istifadə etməyə başlayıb.
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin Ermənistanı “Aİ yoxsa AİB?” seçimi ilə bağlı referendum keçirməyə çağırması təsadüfi deyil. Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra yayılan bəyanat əslində Ermənistana açıq geosiyasi ultimatum idi.
Bəyanatda açıq şəkildə bildirildi ki, Ermənistan Avropa İttifaqına inteqrasiya kursunu davam etdirərsə, Avrasiya İqtisadi Birliyi daxilində münasibətlərə yenidən baxıla bilər. Hətta dekabr sammitinə qədər Ermənistanın AİB-də iştirakının dayandırılmasının mümkün nəticələri barədə hesabat hazırlanacağı açıqlandı.
Bu, Moskvanın İrəvana verdiyi açıq mesajdır:
“Ya Qərb, ya da Avrasiya bloku”.
Putinin Astanada Ukrayna nümunəsini xatırlatması isə təsadüfi deyildi. Kreml bununla Ermənistan hakimiyyətinə xəbərdarlıq edir ki, geosiyasi kursun dəyişməsi regionda ciddi böhran yarada bilər.
Enerji və iqtisadi təzyiq kartı
Ermənistan iqtisadiyyatının Rusiyadan yüksək asılılığı Kremlin əsas təzyiq alətidir. Ermənistan qazının 80 faizdən çoxu Rusiyadan gəlir. Bundan əlavə, Ermənistanın ixrac bazarında da Rusiya əsas istiqamətlərdən biridir.
Son aylarda erməni məhsullarına qoyulan məhdudiyyətlər, enerji təchizatı ilə bağlı xəbərdarlıqlar və iqtisadi təzyiq mesajları Kremlin Paşinyana qarşı istifadə etdiyi əsas mexanizmlərdir.
Moskva Paşinyanın Qərbə inteqrasiyasını yalnız siyasi məsələ kimi deyil, öz regional nüfuzuna strateji təhlükə kimi qiymətləndirir. Çünki Ermənistanın Qərbə yaxınlaşması Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə bilər.
Karapetyan, Köçəryan və kilsə faktoru
Rusiyanın Ermənistanda istifadə etdiyi əsas siyasi fiqurlardan biri rusiyalı erməni milyarder Samvel Karapetyandır. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun qısa müddətdə yüksəlişi Moskvanın yeni siyasi layihə hazırladığını göstərir.
Karapetyanın ev dustaqlığında olması və hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə üzləşməsi seçki kampaniyasını daha da gərginləşdirib. Hakimiyyət onu Kremlin daxili destabilizasiya planının elementi kimi təqdim edir.
Kreml yalnız Karapetyan kartından istifadə etmir. Köçəryan, erməni apostol kilsəsi və digər radikal müxalif qruplar da eyni strateji xətt üzrə hərəkət edirlər. Məqsəd Paşinyanın səslərini parçalamaq, onun parlamentdə mütləq çoxluq əldə etməsinin qarşısını almaq və koalision böhran yaratmaqdır.
Bu isə seçkidən sonra küçə etirazları, hakimiyyət böhranı və hətta dövlət strukturlarında parçalanma risklərini artırır.
Qərb də seçki sonrası ssenarilərə hazırlaşır
Qərb də Kremlin mümkün planlarını yaxşı anlayır. Bu səbəbdən son aylarda İrəvana Avropa və ABŞ-dən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri intensivləşib.
28 may hərbi paradı ərəfəsində Ermənistanda təhlükəsizlik tədbirlərinin ciddi şəkildə gücləndirilməsi də diqqət çəkir. Müxtəlif mənbələrdə Fransa və bəzi Avropa ölkələrinin hərbi və təhlükəsizlik dairələrinin Ermənistanda fəallaşdığı barədə məlumatlar yayılır.
İddialara görə, Qərb Paşinyanın təhlükəsizliyini və seçkidən sonrakı sabitliyi qorumaq üçün xüsusi təhlükəsizlik mexanizmləri üzərində işləyir. Bu məlumatların tam təsdiqlənməməsinə baxmayaraq, Ermənistanda geosiyasi qarşıdurmanın artıq təhlükəsizlik mərhələsinə keçdiyi açıq görünür.
Qərb üçün əsas məqsəd Kremlin Ermənistan daxilində “idarəolunan xaos” ssenarisini həyata keçirməsinin qarşısını almaqdır.
Ermənistanı seçkidən sonra nə gözləyir?
Əgər Paşinyan yüksək nəticə ilə qalib gəlsə, Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi sürətlənəcək. Bu halda Moskvanın iqtisadi və siyasi təzyiqlərinin daha da sərtləşməsi mümkündür.
Əgər müxalifət nəticələri qəbul etməsə və küçə etirazları başlasa, Ermənistan daxilində uzunmüddətli siyasi qarşıdurma yarana bilər. Bu isə Cənubi Qafqazda yeni geosiyasi gərginlik mərhələsinin başlanğıcı olacaq.
Ən təhlükəli ssenari isə Ermənistanın Ukrayna tipli uzunmüddətli daxili parçalanma modelinə sürüklənməsidir. Çünki hazırda həm Moskva, həm də Qərb İrəvanda yalnız seçki uğrunda deyil, regionun gələcək geosiyasi arxitekturası uğrunda mübarizə aparır.
Cənubi Qafqazın gələcəyini müəyyən edən seçki
7 iyun seçkiləri Ermənistanın daxili siyasi gələcəyindən daha böyük məna daşıyır. Bu seçkilər faktiki olaraq Cənubi Qafqazın gələcək geosiyasi xəritəsini müəyyən edə bilər.
İrəvanın hansı düşərgəyə yaxınlaşacağı Azərbaycan-Ermənistan münasibətlərinə, regional kommunikasiyalara, Zəngəzur dəhlizi layihəsinə və bölgədəki güc balansına birbaşa təsir göstərəcək.
Bu səbəbdən Ermənistan artıq yalnız seçki keçirmir. Ölkə böyük güclərin açıq qarşıdurma meydanına çevrilir. Və görünən odur ki, həm Moskva, həm də Qərb 7 iyundan sonrakı mərhələyə indidən hazırlaşır.
Mürtəza Bünyadlı












































