
“Bakı bir tərəfdən Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya və Asiyanın aparıcı dövlətləri ilə siyasi-iqtisadi əlaqələri genişləndirir. Bu siyasətin əsas üstünlüyü Azərbaycanın özünü müxtəlif geosiyasi məkanları birləşdirən ölkə kimi təqdim edə bilməsidir. Azərbaycan Prezidentinin bu günlərdə Qırğızıstana baş tutan işgüzar səfəri və orada keçirilən çoxsaylı görüşlər bu qənaətə gəlməyə imkan verir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib.
O bildirib ki, dövlət başçısının Qırğızıstana dəvət almasını protokol xarakteri daşıyan dəvətdən daha çox, Azərbaycanın regional siyasətinin bir neçə istiqamətini eyni platformada birləşdirən diplomatik hadisə kimi qiymətləndirmək lazımdır:
“Bişkekdə Azərbaycan həm Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığını möhkəmləndirib, həm Orta Dəhlizin inkişafı məsələsini ön plana çıxarıb, həm Ermənistanla sülh prosesinin praktiki nəticələrini müzakirə edib, həm də İran və Türkiyə ilə regional gündəlik üzrə fikir mübadiləsi aparıb.
Ən başlıcası isə bu səfər Azərbaycanın geosiyasi mövqeyinin yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirilməsinin artıq kifayət etmədiyini göstərir. Azərbaycan getdikcə Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında siyasi və iqtisadi əlaqələrin formalaşmasında fəal iştirak edən regional aktora çevrilir və regional iştirakçıdan regional əlaqələndiriciyə çevrilir”.
Arzuman Muradlı qeyd edib ki, Orta Dəhliz, Azərbaycan-Ermənistan sülh gündəliyi, türk dövlətləri ilə əməkdaşlıq və ŞƏT kimi çoxtərəfli platformalar bu strategiyanın bir-birini tamamlayan elementləridir:
“Bir sözlə, Prezident İlham Əliyevin Qırğızıstan səfəri Azərbaycanın xarici siyasətində Mərkəzi Asiyanın artan rolunu, regional nəqliyyat və iqtisadi layihələrdə ölkənin mövqeyini, eləcə də yeni sülh və əməkdaşlıq arxitekturasının formalaşdırılmasında Bakının fəallığını bir daha nümayiş etdirdi”.
Süleyman












































