
Azərbaycanda maliyyə və uçot sisteminin təkmilləşdirilməsi, eləcə də mühasibatlıq sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Peşəkar Mühasib Sertifikatı (PMS) alan mütəxəssislərin sayında artım müşahifə olunur. Belə ki, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinə əsasən ölkə üzrə PMS alan mühasiblərin sayı 7 282 nəfərə çatıb.
Newscenter.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, mühasiblərin sertifikasiyası beynəlxalq səviyyədə qəbul edilmiş bir tələb və normadır. Bu baxımdan mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlb olunması hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə təsbit olunur. Belə ki, “Mühasibat uçotu haqqında" Qanunun tələblərinə uyğun olaraq, bir sıra təşkilatların baş mühasibləri peşəkar mühasib olmalıdır. Peşəkar mühasib Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Peşəkar mühasib sertifikatı isə peşəkarlıq səviyyəsinə uyğunluğu təsdiq edən sənəddir.
Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün yenidən imtahanlarda iştirak etməli və peşəkar mühasib sertifikatı almalıdır. Sözügedən sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat ömürlük verilir və həmin şəxs qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək üçün hər hansı imtahana cəlb olunmur.
PMS almış şəxslərin dövlət reyestri yenilənərək Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Süleyman












































