
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik.
Bildiyiniz kimi, aprel ayndan etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir.
Biz Çin şirkətlərində Azərbaycanda fəaliyyət göstərmək üçün böyük marağın olduğunu görməyə çox şadıq. Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir.
Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən "ŞƏT plyus" formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur.
Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərdən əsas oyunçudur.
Biz sizin birbaşa məsul olduğunuz sahədə əməkdaşlıq və güclü tərəfdaşlıq üçün böyük potensial görürük. Mən şadam ki, həmkarlarınızla danışıqlar aparmaq, ölkə ilə tanış olmaq və Azərbaycanı daha yaxından tanımaq üçün burada bir neçə gün keçirəcəksiniz.
Nəhayət sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər. Bu da dostluğun çox mühüm əlamətidir. Sizə ən xoş arzularımı çatdırır, ölkənizə sağ-salamat qayıtmağınızı arzulayıram.
Anar












































