
"Azərbaycanda sosial-iqtisadi sahədə idarəetmə modelinin təkmilləşdirilməsi və modernləşmə dalğası dövlətin bütün sahələrində struktur dəyişikliklərini zəruri edir. Bu prosesin ən həssas və bilavasitə vətəndaş məmnunluğuna yönəlmiş istiqaməti isə milli səhiyyə sistemidir. Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü və dövlət başçısı İlham Əliyevin birbaşa tapşırığı əsasında TƏBİB strukturuna daxil olan 72 min nəfərdən çox tibb personalını əhatə edən əməkhaqqı islahatı sadəcə dövrü bir maddi dəstək tədbiri deyil. Bu addım milli tibb sisteminin infrastruktur və kadr strukturunu kökündən yeniləməyi hədəfləyən, uzaqgörən bir strateji doktrinadır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, reallaşdırılan bu qərar ilk növbədə illərdir cəmiyyətin sağlamlığı keşiyində duran həkimlərin, orta və kiçik tibb işçilərinin sosial rifahının təmin olunması baxımından tarixi və sevindirici bir dönüş nöqtəsidir:
"Tibb sahəsində çalışan fərdin əməyinin layiqli və yüksək ekvivalentdə qiymətləndirilməsi onun sosial təhlükəsizliyinə zəmanət verir, peşəkar motivasiyasını artırır və fəaliyyət göstərdiyi quruma qarşı korporativ bağlılığını gücləndirir. Eyni zamanda, bu addım səhiyyə işçilərinin cəmiyyətdəki nüfuzunu və statusunu daha da yüksəldir. Lakin bu islahatın yaradacağı real effekt fərdi rifah göstəricilərinin çərçivəsini xeyli aşaraq daha böyük miqyas kəsb edir.Məsələyə daha geniş, makroiqtisadi və sosioloji prizmadan yanaşdıqda aydın olur ki, səhiyyə sektorunda çalışan mütəxəssislərin maddi şəraitinin yaxşılaşdırılması, əslində, birbaşa olaraq vətəndaşların sağlamlıq hüququnun qorunmasına qoyulan ən böyük kapitaldır".
Deputat qeyd edib ki, bu gün tibb işçisinə yönəldilən hər bir manat investisiya, sabah xəstəxanalara müraciət edən hər bir vətəndaşın daha keyfiyyətli, şəffaf, operativ və müasir standartlara uyğun müalicə almasının təminatına çevrilir:
"İslahat kadr potensialının qorunub saxlanılmasına, dövlət tibb müəssisələrində rəqabət mühitinin formalaşmasına və nəticədə xidmət mədəniyyətinin tamamilə yeni müstəviyə keçməsinə rəvac verir. Səhiyyədə atılan bu addım, ölkənin uzunmüddətli dayanıqlı inkişaf strategiyasında insan kapitalının ən ali dəyər kimi qəbul olunmasının bariz göstəricisidir".
Süleyman












































