
"Bakı dünyanın ən uzunmüddətli enerji mərkəzlərindən biri kimi bu gün də öz tarixi missiyasını uğurla davam etdirir. Paytaxtımızın ev sahibliyi etdiyi, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u da bu missiyanın tərkib hissəsidir. Bu mötəbər tədbirin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin həm tarixi inkişafını, həm də gələcək vizyonunu ortaya qoydu. Bu çıxış təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji mesajlarla zəngin idi".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, dövlətimizin başçısı ilk növbədə tarixi konteksti və enerji sərgilərinin mühüm rolunu vurğulamaqla və Xəzər Neft və Qaz Sərgisinin müasir Azərbaycanın enerji inkişafının təməlini qoyduğunu xatırlatmaqla, bu tədbirlərin ölkənin enerji strategiyasında daşıdığı əhəmiyyətini və yerini forum iştirakçılarının diqqətinə çatdırdı:
"1994-cü ildə “Əsrin müqaviləsi” ilə başlayan enerji siyasətinin bu gün artıq çoxşaxəli və qlobal miqyas qazandığını qeyd etdi: "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”. Beləliklə, Bakı Enerji Həftəsi artıq qlobal enerji diplomatiyasının əsas platformalarından birinə çevrilib.
Prezident İlham Əliyevin 31-ci “Baku Energy Forum”unun açılış mərasimində çıxışı zamanı vurğuladığı əsas məqam Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin artacağı barədə oldu. Bu, Azərbaycanın Avropa və dünya bazarları üçün etibarlı enerji mənbəyi statusunu möhkəmləndirəcək. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər layihələr artıq Azərbaycanın enerji xəritəsində strateji sütun rolunu oynayır. Dövlətimizin başçısı onu da əlavə etdi ki, 30 il əvvəl Azərbaycan xarici investorları cəlb edirdisə, bu gün SOCAR artıq Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada layihələrə sərmayə qoyur. Bu isə öz növbəsində iki mühüm nəticə doğurur:
-Azərbaycan kapital ixrac edən ölkəyə çevrilir, SOCAR regional enerji şirkətindən qlobal oyunçuya transformasiya olunur.
Bu siyasət Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, enerji diplomatiyasını da geniş coğrafiyaya yayır. Biz burada artıq regional liderlikdən qlobal oyunçuluğa keçidi müşahidə edirik. Başqa sözlə desək, SOCAR-ın xarici investisiya coğrafiyasının genişlənməsi Azərbaycanın enerji şirkətini yalnız milli deyil, beynəlxalq oyunçuya çevirmək strategiyasının tərkib hissəsidir".
Komitə sədri qeyd edib ki, Prezident hazırda Azərbaycanın yalnız neft və qaz ixracatçısı deyil, həm də enerji infrastrukturu sahəsində regional mərkəzə çevrilmək niyyətini vurğuladı:
"Bu, xüsusilə bərpa olunan enerji və elektrik ixracı sahəsində strateji əhəmiyyət daşıyır. Çünki burada söhbət diversifikasiyadan, şaxələndirmədən gedir. Belə ki, neft və qazla yanaşı, yaşıl enerji sərgilərinin paralel keçirilməsi Azərbaycanın enerji balansında alternativ mənbələrin rolunu artırmaq niyyətini göstərir. Bu isə həm öz ölkəmiz üçün, həm də qlobal müstəvidə olduqca əhəmiyyətlidir. Azərbaycanın enerji resurslarının dünya bazarına sabit və etibarlı şəkildə çatdırılması qlobal enerji təhlükəsizliyinin, xüsusən də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən məqam Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin artacağı barədə mesaj oldu. Bu, ölkənin enerji resurslarının yalnız regional bazarlar üçün deyil, həm də Avropa və dünya üçün etibarlı mənbə kimi təqdim edilməsinin davamı idi.
Prezidentin çıxışında enerji siyasəti ilə yanaşı, həmçinin geosiyasi perspektivin qabarıq şəkildə vurğulanması da diqqət çəkdi. Söhbət Zəngəzur dəhlizi kimi strateji layihələrə işarə edilməsindən gedir. Hazırda dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açdığımızı diqqətə çatdıran dövlətimizin başçısı, Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırlatdı və eləcə də Zəngəzur dəhlizinin inşa ediləcəyinə əmin olduğunu bildirdi: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”. Burada söhbət 2025-ci il avqustun 8-də Vaşinqton sammitində imzalanmış razılaşmadan gedir. Zəngəzur dəhlizi (və ya "TRIPP Marşrutu") yalnız nəqliyyat infrastrukturu deyil, həm də enerji tranziti baxımından regionun geosiyasi balansını dəyişəcək. Bu dəhlizin sayəsində Azərbaycanın enerji resurslarının Avropaya və dünyaya çıxışı daha da genişlənəcək. Eyni zamanda, Azərbaycanın Cənubi Qafqazda enerji və logistik mərkəz statusu daha da möhkəmlənəcək".
AHK sədrinin sözlərinə görə, Prezidentin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji siyasətinin artıq “xammal ixracatçısı” modelindən “qlobal enerji oyunçusu” modelinə keçidini təsdiqləyir:
"Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan ölkənin mövqeyini gücləndirəcək mühüm bir yenilikdir. Azərbaycanın enerji diplomatiyası artıq yalnız neft və qazla məhdudlaşmır, bərpa olunan enerji, elektrik ixracı və regional tranzit layihələri ilə yeni mərhələyə qədəm qoyur. Enerji strategiyamızın yeni mərhələsi həm ölkəmizin qlobal proseslərə təsir imkanlarını artıracaq, həm də təhlükəsizliyimizi təmin edəcək".
Süleyman












































