Newscenter.az.21.02.2020. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib.
Newscenter.az xəbər verir ki, 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) nəzdində fəaliyyət göstərən INSME sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirir. Mənzil qərargahı İtaliyada yerləşən təşkilatın missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında texnologiyalar və təcrübə mübadiləsini asanlaşdırmaq, bu sahədə qabaqcıl metodologiya və mexanizmləri, dövlət-özəl dialoqunu təşviq etmək, beynəlxalq tərəfdaşlığı genişləndirməkdir.
KOBİA-nın INSME-yə üzv olması KOB sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqinə, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar və KOB subyektləri arasında effektiv əlaqələrin qurulmasına, kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir.