“Bütün qarayaxma kampaniyaları, ölkəmizə yönələn əsasssız, qərəzli ittihamlar və iddialara baxmayaraq Azərbaycan COP29-u uğurla başa vuraraq bir daha adını tarixə yazdı”.
Bu fikirləri Newsenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib. İctimai Birlik sədri deyib ki, COP29-un yekunu olaraq qəbul edilən qərarlar fonunda bunu söyləmək mümkündür:
“Məlum olduğu kimi COP29 sədrliyi sammitin yekunu olaraq Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib. Bu strategiya illərlə davam edən çıxılmaz vəziyyəti aradan qaldırır və Paris Sazişinin son bəndini tamamlayır. Sözügedən maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq aparan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir”.
İctimai Birlik sədri qeyd edib ki, həmçinin BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib:
“Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq. Belə bir qərarın məhz COP29-da verilməsi sırf Azərbaycanın aktivinə yazılır və bu təşəbbüsün gerçəkləşməsində Azərbaycanın təşəbbüsləri nəzərə alınıb”.
Arzuman Muradlı deyib ki, COP29 bütün parametrləri üzrə bəşəriyyət, yaşıl dünyanın təbliği baxımından yadda qalan və nəticəli oldu:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.
Süleyman