Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Dövlət Komitəsində olublar



Newscenter.az.24.02.2020. Fevralın 24-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza və Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laveri, siyasi analitiki Kill Bakken Dövlət Komitəsində olublar. Görüşdə qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edib.

Newscenter.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qonaqlara Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, multikultural dəyərlərin, dini tolerantlığın cəmiyyətimizin nümunəvi normasına çevrildiyini və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkişaf etdirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri, dinlərarası harmoniya özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Hər kəsin inancına hörmətlə yanaşmaq Azərbaycan xalqının ən əsas prinsiplərindən biridir.

Respublikamızda 35-i qeyri-islam olmaqla 941 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini qurumların fəaliyyəti hərtərəfli dəstəklənir.

Eyni zamanda, görüşdə ölkəmizdəki dini vəziyyət barədə fikir mübadiləsi aparılıb, Komissiya nümayəndələrinin dini sahə ilə bağlı sualları cavablandırılıb.

Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası bütün dünyada dini azadlığı monitorinq edən müstəqil, iki partiyanın dəstəklədiyi, ABŞ hökumətinin federal hökumət komissiyasıdır.
Xəbəri paylaş