Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir - VİDEO



Newscenter.az.26.02.2020. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərini işğal etdi… Nəticədə 613 nəfər dinc sakin - 63 uşaq, 106 qadın, 70 ahıl yaşlı sakin həlak oldu. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 366 motoatıcı alayın güllə-boranında 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi. 1275 nəfər erməni quldur dəstələri tərəfindən girov və əsir götürülüb. 150 nəfər şəhər sakinin taleyindən xəbər yoxdur.

Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından başlayaraq şəhər top və zirehli texnikalardan şiddətli atəşə tutulurdu. Şəhərin müdafiəsinə qalxan yerli özünümüdafiə batalyonunda isə həm döyüşçülər az idi, həm də silah çatışmazlığı vardı.

Xocalı şəhərinə köməyə can atan digər özünümüdafiə dəstələri və batalyonların cəhdlərinə baxmayaraq, şəhər soyqırıma məruz qalır…
Dörd bir tərəfdən hücuma məruz qalan Xocalı şəhərinin əliyalın sakinləri ölümdən xilas olmaq üçün bir neçə istiqamətdə dağılışmağa məcbur olur. Silah və sursat tükəndiyindən yerli döyüşçülərin müqaviməti qısa zamandan sonra tükənir.

Əli silah tutan, yaralanmayan yerli sakinlər sağ qalanların xilas edilməsi üçün meşələrə, dağ yollarına üz tutur… Amma hər tərəfdə düşmən postlarının olması adamların sağ qalma ehtimalını sıfıra endirirdi.

Erməni quldurlarından xilas olmağa çalışanların bircə ümidi Ağdama doğru irəliləmək idi. Amma bu yol həddindən artıq təhlükəli idi. Çünki Xocalı ilə Ağdam arasında erməni silahlılarının çoxlu postları mövcud idi

Ağdam yerli özünümüdafiə dəstələri və taborlarının döyüşçüləri Xocalı sakinlərinin sağ qalan hissəsini və yaralıları ermənilərin nəzarətindən çıxarmağa çalışsalara da, silah və sursat azlığı ciddi çətinlik yaradırdı. Bu isə hər dəqiqə insan itkisinin çoxalması demək idi.
Çətin coğrafi relyef və soyuq hava şəraiti insanların xilasına mane olurdu. Əvvəlcədən hazırlıq görmüş quldur dəstələri dinc əhalinin keçə biləcəyi hər yerdə postlar qurub əliyalın adamlara atəş açırdılar.

Bütün çətinliklərə rəğmən Ağdam özünümüdafiə dəstələrinin döyüşçüləri bacardıqları qədər xocalıların hayına yetməyə çalışırdı. Rastlaşdıqları mənzərə qan dondururdu…

Soyqırm gecəsi hadisənin şahidi olmuş hər kəs bilir ki, ermənilər 366-cı alayın köməyi olmadan bir şəhəri yer üzündən silə bilməzdilər…
Bir sözlə, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üstündə yerləşən və 7000 nəfər əhalisi olan Xocalı şəhərinin adı bir gecədə tarixə qanlı hərflərlə yazıldı… Ermənilər 25-26 fevral tarixlərində dünyanın ən dəhşətli soyqırımlarından birini imza atdılar.
Xəbəri paylaş