Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhəmməd Seman Ağanın Kərkük valisi seçilməsi bu bölgənin Türk dünyası ilə inteqrasiyasını sürətləndirə bilər

Məhəmməd Seman Ağanın Kərkük valisi seçilməsi bu bölgənin Türk dünyası ilə inteqrasiyasını sürətləndirə bilər


“İraq Türkmən Cəbhəsinin prezidenti Məhəmməd Seman Ağanın Kərkük vilayətinin valisi seçilməsi İraq türkmənlərinin həyatında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu hadisə 100 ildən sonra Kərkükün yenidən Türklər tərəfindən idarə olunması deməkdir”.

Bunları Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov deyib. ATXƏM sədri deyib ki, bu siyasi hadisə bir neçə istiqamət üzrə olduqca mühüm əhəmiyyət kəsb edir:

“Bildiyimiz kimi İraqın siyasi xəritəsində Kərkükün xüsusi yeri var. Bu vilayət təkcə enerji resursları ilə deyil, həm də ərəb, kürd və türkmən icmalarının kəsişdiyi strateji nöqtədir. Belə bir bölgədə Məhəmməd Seman Ağanın Kərkük valisi seçilməsi regional siyasətdə yeni mərhələnin başlanğıcı sayıla bilər”.

İlham İsmayılov hesab edir ki, bu hadisə İraq türkmənlərinin mədəni muxtariyyəti və onların Türk dünyası ilə inteqrasiyası baxımından da əhəmiyyətlidir:

“Hesab edirəm ki, Məhəmməd Seman Ağanın vali seçilməsi türkmənlərin mədəni hüquqlarına birbaşa təsir göstərə bilər. Türkmən dilində təhsil genişləndirilə, məktəblərin sayı arta, ali təhsil proqramlarının yaradılması mümkün ola bilər. Həmçinin, Türkmən mədəniyyət evləri, teatrlar, media qurumlarının fəaliyyəti genişlənə bilər. Ən əsası, türkmənlərin mərkəzi hökumətdə daha güclü təmsil olunmasına zəmin yaradar”.

İlham İsmayılov onu da qeyd edib ki, Məhəmməd Seman Ağanın vali seçilməsi türkmənlərin Türk dünyası ilə inteqrasiyasına da öz müsbət təsirini göstərəcək:

“Məlum olduğu kimi İraq türkmənlərinin Türk dünyası ilə əlaqələri tarixi və mədəni baxımdan dərin köklərə malikdir. Bu baxımdan bundan sonrakı prosesdə Kərkükün Türk Dövlətləri Təşkilatı kimi platformalarla əməkdaşlığının genişlənməsini də müşahidə edə bilərik”.

Sonda İlham İsmayılov onu da əlavə edib ki, türkmənlərin artıq Türk dünyasına inteqrasiya prosesi başlayıb və uğurla davam edir:

"Məlumat üçün qeyd edim ki, ötən ilin mart ayında ATXƏM olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz layihə çərçivəsində İraq türkmənlərinin Azərbaycana səfərini təşkil etdik. Bu, İraq türkmənlərinin geniş bir heyət ilə Azərbaycana ilk səfəri idi. Səfər çərçivəsində onlar Qarabağda, azad edilmiş ərazilərdə oldular.

Səfər proqramına uyğunm olaraq Bakıda, Heydər Əliyev Mərkəzində İraq Türkmən Cəbhəsi ilə birlikdə böyük bir forum keçirildi. Sonrakı mərhələdə isə bizim hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ilə Kərkükə səfərimiz baş tutdu, müxtəlif səviyyələrdə görüşlərimiz keçirildi. Həmin səfər çərçivəsində də əyani şəkildə müşahidə etdik ki, İraq türkmənləri fəal şəkildə Türkm dünyasına inteqrasiya etməkdə maraqlıdırlar. Eyni zamanda onların mədəni muxtariyyat əldə etməsi üçün fəal şəkldə iş aparılır".


Süleyman
Xəbəri paylaş