Newscenter.az.29.02.2020. Prezident Administrasiyasında ReAL partiyasının sədri İlqar Məmmədovla görüş keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə İ.Məmmədov özü bildirib.
Onun sözlərinə görə, görüş PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti əsasında baş tutub:
"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".
Qeyd edək ki, bundan əvvəl PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüş keçirmişdi.