Newscenter.az.7.03.2020. İranda daha 21 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 145 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 076 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 5 823 nəfərə çatıb.
K.Cahanpur həmçinin 1 669 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə girişi qadağan edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 737-yə çatıb. Bunların 58 456 nəfəri sağalıb, 3 522 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.