Newscenter.az.6.04.2020. Yeni koronavirus Çinin Vuhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəlib.
“Report” “The Sun”a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin fikrincə, həm elmi rəylər, həm də təhlükəsizlik xidmətlərin bu barədə rəyləri kifayət qədər əsaslıdır.
Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi “Cobra” fövqəladə komitəsinin bir nümayəndəsi kəşfiyyat xidmətinin brifinqindəki nitqi zamanı təhlükəsizlik xidmətlərinin artıq sızıntının mümkünlüyü qənaətinə gəldiklərini, virusun heyvanlardan törəməsinə dair əvvəlki versiyanın isə artıq müzakirə mövzusu olmadığını bildirib.
Hökumət sözügedən mənbənin bu iddiasını qəbul etmədiyini açıqlayıb.
Bundan əvvəl Çin rəsmiləri sızıntı iddialarını “internet dedi-qoduları” olaraq səciyyələndirmişdilər. Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şianq dünya birliyinin yeni koronavirusla yanaşı həm də onun ətrafındakı müxtəlif sui-qəsd fərziyyələri, “siyasi virus”larla da mübarizə aparmaq məcburiyyətində olduğunu, sızıntı barədə iddiaların əsassız olduğunu bildirmişdi.
Dünyada dolaşan müxtəlif fərziyyələrin bir hissəsi koronavirusu məqsədyönlü şəkildə hazırlanan bioloji silah olduğunu hesab etsə də, bu kimi iddiaların tutarlı sübutu yoxdur.
Xatırladaq ki, Vuhanda yerləşən və Çindəki bu kimi müəssisələr arasında ən qabaqcılı hesab olunan Virusologiya İnstitutu koronavirus pandemiyasının başlanğıc ocağı hesab edilən heyvan bazarından 10 mil məsafəsində yerləşir. Həmin institutun əməkdaşları ilk olaraq koronavirusu yarasalarla əlaqələndiriblər.
Son məlumata görə dünyada COVID-19 virusuna yoluxanlar 1.282.383 nəfər, ölənlər 70.183 nəfərdir.