Bu gün Müsavat Partiyasının XI qurultayı keçirildi. 10 illik fasilədən sonra İsa Qəmbərin yenidən partiyanın rəhbəri seçilməsi ilk növbədə əvəllki sədrin fəaliyyətinin partiya üçün uğursuz olduğunu göstərir. Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı ona göstərilən etimadı doğrulda bilmədi. Arif Hacılı başqanlıq etdiyi müddət ərzində Müsavatı AXCP və “Milli Şura”nın əlavəsinə çevirdi və ifrat radikal mövqe tutmaqla, barışmaz inkarçılıq siyasəti yürütməklə partiyanın tamamilə marginallaşmasına, siyasi proseslərin “offsayd”ında qalmasına, durğunluq dövrünü yaşamasına səbəb oldu. Arif Hacılı siyasi lider deyildi, icraçı idi, funksioner idi. Bu kontekstdə onun Müsavatı siyasi tənəzzül həddinə gətirməsində təəccüblü heçnə yoxdur.
Bir sözlə, Arif Hacılı İsa Qəmbər üçün çox ağır “miras” qoyub getdi. Çökmüş partiyanı, böhranlı günlərini yaşayan qocaman siyasi təşkilatı dirçəltmək, onu yenidən fəal siyasi quruma çevirmək heç də asan məsələ deyil. Heç şübhəsiz ki, İsa Qəmbərin dönüşü Müsavat Partiyasının fəaliyyətində müəyyən dəyişikliklərə yol açacaq. İsa Qəmbər təkcə partiyanın təşkilati məsələlərində deyil, siyasi xəttində də ciddi islahatlar aparmalı, əsaslı dəyişikliklər etməlidir. İlk növbədə isə iqtidar-müxalifət münasibətlərinə yeni yanaşma ortaya qoyulmalıdır. Arif Hacılının Müsavatından fərqli olaraq İsa Qəmbərin Müsavatı siyasi dialoqa açıq olmalıdır. Müsavat Partiyası AXCP-nin dalınca sürünməkdən, özünü ifrat radikal mövqeli partiya kimi təsdiqləmək, tanıtmaq cəhdindən əl çəkməlidir. Çünki təcrübə göstərir ki, bu cəhdlər Müsavata yaxşı heçnə qazandırmadı. İfrat radikallıq Müsavatı urvatsızlaşdırdı, cırlaşdırdı, onu real siyasi proseslərin subyekti və hərəkətverici qüvvələrindən biri olmaq imkanlarından məhrum etdi.
Bu gün Azərbaycana hər şeyi qara rəngdə görən, xaricdəki anti-Azərbaycan qüvvələrin diktəsi ilə hərəkət edən, ümummilli məsələlərdə dövlətin, dövlətçiliyin yanında olmaq əvəzinə, Fransa kimi qatı ermənipərəst ölkənin siyasətini təqdir edən antimilli müxalifət partiyaları yox, Azərbaycanın dövlət maraqlarına öz firqə maraqlarından üstün tutan, iqtidar-müxalifət münasibətlərini düşmənçilik və inkarçılıq müstəvisinə deyil, sağlam siyasi rəqabət kursuna çəkən sanballı, nüfuzlu müxalifət partiyaları lazımdır. Bu mənada İsa Qəmbərin Müsavatın bugünkü qurultayında səsləndirdiyi “Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik” fikri təqdirəlayiq yanaşmadır. Bəli, bir müxalifət partiyasının qaraya qara, ağa isə ağ deməsi və iqtidarın gördüyü yaxşı işləri dilə gətirməsi, etiraf etməsi o partiyaya yalnız və yalnız hörmət gətirər. İsa Qəmbərin də bu etirafı çağdaş siyasi mühitimiz üçün yeni siyasi mədəniyyət nümunəsidir. Ümid edək ki, İsa Qəmbərin idarə etdiyi Müsavat Partiyası digər radikallara da əsl sağlam müxalifətçiliyin nə demək olduğunu əyani olaraq göstərəcək və sivil siyasi mübarizə ənənələrinin inkişaf etməsinə təkan verəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri