Newscenter.az.6.04.2020. Azərbycanın savaşdığı bəşəri bəla olan koronavirusla mübarizədə hər kəs üzərinə düşən vətəndaşlıq borcunu göstərməyə çalışır. Hər peşə sahibi vicdanla öz işini yerinə yetirmək, Vətənin bu çətin günlərində beşqat məsuliyyətli olmaq üçün “döyüşür”.
Bu savaşda ön cəbhədə həkimlərimizdir, ağ xalatlı şərəfli peşə sahiblərimiz Vətənimizi göz bəbəyi kimi qoruyan igid əsgərlərimiz kimi yuxusuz gecələr keçirərək, həyatlarını riskə ataraq hər birimizin keşiyində dayanıbdır. Polsilərimiz də gecə-gündüz yorulmaq bilmədən fədakar əməkləri ilə vətəndaşların, dövlətin təhlükəsizliyi üçün ayaq üstündədir.
Jurnalistlərimizin də çiyinlərinə böyük yük düşür, qələmini süngüyə çevirən vətənpərvər jurnalistlər, media təmsilçilərimiz sosial izolyasiya və sərt karantin rejimində “Evdə QAL”an yüz minlərlə insanın informasiya tələbatını ödəyir. Jurnalist peşəsi həkimlik sənəti kimi çətin və diqqəti sevəndir. Bəzən hansısa təhlükəyə göz qırpmadan belə getmək bu sənətin mötəbərliyini daha da artırır. Bu gün insanlar qida və su kimi informasiyaya da dərin ehtiyac duyurlar. Düzgün, səhif və operativ informasiya onların həyatının ayrılmaz hissəsinə çevrilib. İnformasiyanı əldə edən, dəqiqləşdirib cəmiyyətə təqdim edən media nümayəndələri məhz bu baxımdan indiki şəraitdə ən məsuliyyətli bir missiyanı həyata keçirməkdədirlər.
Onlayn və sosial media bu gün insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmaqda xüsusilə fərqlənir. Bu gün insanlar elektron və mobil rabitə vasitələrinə qəzet, radio və televiziyadan daha çox köklənibdir. Bu gün Azərbaycanda 5 milyona yaxın insan internet istifadəçisidir, onların böyük bir qismi informasiyaları elektron media vasitəsilə məhz bu virtual məkandan əldə edir.
Sosial mediada bəziləri insanları panikaya salmaq üçün qərəzli informasiyalar yayır. Ancaq bu cür yalan və iftira xarakterli məlumatları, qərəzli və açıq şəkildə sifarişli süjetləri nəzərə almasaq, populyarlıq naminə “gözqamaşdırıcı informasiyaları” yayan “media”nı kənara qoysaq, Azərbaycanın vətənpərvər jurnalist ordusu bir hədəfə fokuslanıb – hər biri Dövlətin mənafeyini, ümummilli maraqları ali dəyər hesab edərək dürüst və vicdanlı xəbər bankı qurubdur. Cəmiyyətin ehtiyacı olan bütün məlunatları qərəzsiz, obyektiv və sürətlə çatdıran jurnalistlərimiz həqiqətən əsil peşəkarlıq nümayiş etdirir, insanları intizarda qoymurlar, onların zəngin informasiya qidasını ödəyirlər.
Həqiqətən də Kütləvi İnformasiya Vasitələri bu dar gündə kütləvilik nümayiş etdirir, informasya açıqlığı və genişliyi ilə vətəndaşların nigaranlığına son qoyur, onların nikbinliyinə vasitə olur. Hər gün sosial mediada paylaşılan minlərlə xəbər auditoriyanı təşvişə salmağa deyil, doğru və əsil mahiyyəti ilə ümidli və inamlı olmağa təşviq edir.
Media həm də, güclü təbliğat və təşviqat tribunasıdır. Bu tribunadan tanınmış alim və yazıçıların, ictimai, siyasi xadimlərin, elm, mədəniyyət və digər sahələrin nümayəndələrinin milli birliyə dəvət edən müraciətləri “Biz Birlikdə Güclüyük” həmrəyliyini daha da gücləndirir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın sosial mediadan müntəzəm olaraq bugünkü sınaqlardan üzü ağ çıxmaq üçün Xalqımızı Birliyə, Məsuliyyətli olmağa səsləyən çağırışları milyonlarla vətəndaşımızın bir ideya ətrafında birləşməsində mühüm və həlləedici rol oynamaqdadır.
Azərbaycanımızın dar günündə yorulmadan informasiya savaşında daha da vicdan və məsuliyyətlə öz peşə borcunu şərəflə yerinə yetirən jurnalistlərimizi alqışlayıram, onlarla qürur duyuram!
Vaqif Abdullayev- elmlər doktoru professor