Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 31 nəfər “Avropada yüksək maaşlı iş”lə aldadıldı



Newscenter.az.10.04.2020. Vətəndaşları Avropa ölkələrində yüksək məvacibli işlərə düzəldəcəyi vədi ilə aldadan Vüsal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, V.Məmmədov insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadaraq xeyli miqdarda maddi vəsaitlərini ələ keçirib. O, vətəndaşların çoxsaylı müraciətlərindən sonra ötən ilin dekabr ayında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb.

O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya Respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb.

V.Məmmədov vətəndaşların pulunu ələ keçirdiyini etiraf edib.

Qeyd olunan faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə 31 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Xəbəri paylaş