Newscenter.az.13.04.2020. BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən Qanunun Aliliyi Layihəsinin icrasını başa çatdırıb.
Təşkilatın Bakı ofisindən Newscenter.az-a bildirilib ki, bu layihə, Azərbaycan vətəndaşlarının peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyirdi. Bu məqsədlə layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılıb. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilib. Adları çəkilən qurumların sıx əməkdaşlığı nəticəsində ötən ilin fevral ayında Bərdə, Qəbələ, İmişli və Masallı rayonlarının ərazisində yerləşən ASAN Xidmət mərkəzlərinin daxilində Hüquqi Yardım Mərkəzləri açılıb.
2020-ci ilin mart ayının sonuna kimi mərkəzlərə müraciət edən 3442 nəfərə hüquqi xidmət göstərilib. Müraciət edənlərin 29%-i qadın, 71%-i kişi, müraciətlərin 28%-i məhkəmələrlə bağlı məsələlər olub. Ötən dövrdə göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 14%-i bank kreditləri, 25%-i mülkiyyət və mirasla bağlı məsələlər, 19%-i ailə məsələləri, 16%-i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olub. Bundan əlavə, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat və inzibati işlər kimi müxtəlif sahələri əhatə edib.
Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıblar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb.
Beləliklə bu layihə öz əhatə dairəsi və məqsədləri çərçivəsində BMqT tərəfindən uğurla həyata keçirilərək tamamlanıb.
Sevinc