Newscenter.az.13.04.2020. Azərbaycanın uğurları hər zaman qardaş Türkiyə mediasının diqqət mərkəzində olub. Belə ki, yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində hökumətimizin gördüyü işlər də haqlı olaraq qardaş ölkə mətbuatı tərəfindən uğur kimi, uğurlu mübarizə modeli kimi təqdim edilir. Türkiyənin “Haber Global” telekanalının ölkəmizdə görülən işlərdən bəhs edən süjeti bunun əyani misalıdır.
Sözügedən telekanal Bakıdan hazırladığı süjetdə Azərbaycan hökumətinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini digər ölkələr üçün nümunəvi olaraq səciyyələndirib. Ölkəmiz koronavirus əleyhinə səmərəli mübarizəni təşkil edən ölkələrdən biri kimi təqdim edilib. Azərbaycanda həm xəstə sayının, həm də bu xəstəlikdən vəfat edənlərin az olması faktı da məhz bu tədbirlərin nəticəsi kimi vurğulanıb.
Süjetdə Prezident İlham Əliyevin fikirlərinə də ayrıca yer verilib. Eləcə də ölkə başçısının tapşırığı ilə sahibkarlara edilən maliyyə dəstəyi, ölkədə koronavirusla mübarizə üçün xüsusi xəstəxananın tikintisi, tibbi maska zavodunun fəaliyyətə başlaması Türkiyə tamaşaçılarının diqqətinə çatdırılıb.
"Haber Global"ın məlum süjetində paytaxt Bakının karantin günlərindəki mənzərələri də yer alıb. Həmçinin, vətəndaşlarımızın karantin günlərində küçəyə çıxmasının SMS vasitəsilə tənzimlənməsi, polislərimizin nümunəvi fəaliyyəti işıqlandırılıb. Mən həmin süjeti məmnunluq hissilə izlədim və fürsətdən istifadə edib "Haber Global" kanalının rəhbərliyinə öz təşəkkürümü bildirmək istəyirəm. "Haber Global"ın Azərbaycana qarşı bu xoş münasibəti və diqqəti gerçəkdən də Türkiyənin digər KİV-ləri üçün də yaxşı mənada bir örnəkdir.
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri