Newscenter.az.13.04.2020. İranda daha 111 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 585 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 617 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 73 303 nəfərə çatıb.
K.Cahanpur həmçinin 45 983 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 877 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.
Qeyd edək ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.
Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 858 000-i ötüb. Bunların 429 028 nəfəri sağalıb, 114 699 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.