Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifətçilik xalqa, dövlətə qarşı olmamalıdır



Newscenter.az.13.04.2020. "Bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda bəzi qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışırlar".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, müxalifətçilik xalqa, dövlətə qarşı olmamalıdır:

“Adını müxalifət qoyub milli maraqlara zərbə vurmaq, hər fürsətdə siyasi-ictimai stabilliyi pozmağa cəhdlər etmək, insanların sosial vəziyyətindən siyasi məqsədlər naminə istifadə edib dövləti təzyiqlər qarşısında qoymaq müxalifətçilik fəlsəfəsindən uzaq düşmənçilikdir. Elə AXCP, Milli Şura, Müsavat kimi dərnəklər, onların təmsilçiləri, “beşinci kolon”un uzantıları olanlar və başqa antimilli ünsürlər siyasi müxalifətçilikdən çox xalqa və dövlətə düşmən kəsiliblər”.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan ictimaiyyəti “beşinci kolon”un xəyanət əməllərinin tez-tez şahidi olub:

“2003-cü, 2005-ci illərdə Azərbaycanda radikalizm və destruktivlik əməllərini vətəndaş qarşıdurmasına qədər aparan bu düşmənlər 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, həmçinin Formula-1 kimi beynəlxalq əhəmiyyətli tədbirlər, siyasi kampaniyalar zamanı müxtəlif anti-Azərbaycan dairələrindən aldıqları təlimatlara və direktivlərə uyğun qarışıqlıq, destabillik yaratmaq niyyətində olublar. Təsəvvür edin ki, hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda bu düşmənlər Azərbaycanda siyasi sabitliyi pozmağa, sosial gərginlik yaratmağa çalışırlar. Dünyanın ən inkişaf etmiş, səhiyyəsi və iqtisadiyyatı ilə illərdir nümunə olaraq təqdim edilən ölkələrdə pandemiya əsl fəlakət yaradıb, yoluxanların, ölənlərin sayı həndəsi silsilə ilə artır. Lakin Azərbaycan koronavirusla mübarizədə həmin inkişaf etmiş ölkələrin bacarmadığını etdi, həm də hökumət vətəndaşlarını pandemiyanın kütləvi yoluxma dalğasından xilas etdi. Prezident İlham Əliyevin zamanında verdiyi qərarlar, gördüyü tədbirlər nəticəsində artıq Azərbaycan bütün dünyaya nümunə, model olaraq təqdim edilir”.

Millət vəkili hesab edir ki, xalq düşmənlərinin başçılıq etdiyi xəyanət yuvasının indiki zamanda daha da aqressivləşməsinin də ciddi səbəbləri var:

“Birincisi, qeyd etdiyim kimi Azərbaycan dünyanın ən aparıcı ölkələrinin bacarmadığını etdi. Həm koronavirusun insanlarımızın sağlamlığına daha ağır zərbə vurmasının qarşısı alınır, həm də ölkədəki sosial-iqtisadi durumun stabilləşdirilməsi üçün konkret effektiv planlar reallaşdırılır. İkincisi, ÜST-ün, BMT-nin hesabatlarında, ayrı-ayrı dünya mətbuatı nümunələrində Azərbaycanın koronavirusla mübarizəsi yüksək dəyərləndirilir. Üçüncüsü, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına səs verməklə çətin günlərdə yaşlılara, ahıllara, əlillərə, aztəminatlı ailələrə, köməyə, yardıma ehtiyacı olanlara yardım etdi, milli həmrəylik nümayiş etdirdi. Görünür, bu da xarici anti-Azərbaycan dairələrini qane etmir. Bu səbəbdən də onların əlində siyasi maşa olanları yenidən “hərəkətə” gətirdilər. Onlar hər gün yalan informasiyalarla gərginlik yaratmağa cəhd edirlər. Lakin xalqımız çox yaxşı görür ki, onların bu əməlləri düşmənçilikdir, xəyanətdir. Çünki dünyanın heç bir yerində müxalifət koronavirus bəlası ilə mübarizə aparıldığı bir zamanda siyasi iddialarla çıxış etmir, təxribat törətmir, əksinə, hökumətə köməklik edir, cəmiyyətin arasında olur. Əgər bu cür Vətən xainlərinin qarşısı alınmasa, onlar dövlətimizə, xalqımıza ağır zərbələr vura bilərlər. Çünki onları yalnız şəxsi maraqları düşündürür, özlərinin, övladlarının xaricdəki bahalı həyat tərzlərinin təminatı maraqlandırır. Bir olaq, güclü olaq, Vətənimizi, dövlətimizi düşmənlərdən qoruyaq”.

Mehman
Xəbəri paylaş