Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan ərazisinə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə tətbiq edilən müddət uzadıldı



Newscenter.az.18.04.2020
. Ötən həftə Gürcüstan ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi çərçivəsində Gürcüstan Hökuməti tərəfindən Gürcüstan ərazisinə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə 24 saat, yük gətirən və ya yük aparmaqla daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin ölkə ərazisini tərk etməsi üçün 48 saatlıq limit tətbiq edildi.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, həmin müddətdə ölkə ərazisini tərk etməyən xarici daşıyıcılara münasibətdə hər avtonəqliyyat vasitəsi üçün 3000 lari (təxminən 1100 ABŞ dolları) dəyərində cərimə tətbiq olunması nəzərdə tutulurdu:

"Bununla bağlı olaraq Gürcüstan ərazisinə yük daşımalarını həyata keçirən Azərbaycan daşıyıcıları tərəfindən bizə müraciət olundu. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlara başlanıldı. İzah olundu ki, Azərbaycan daşıyıcıları əsasən Gürcüstanın Poti limanından yük aparıb və oradan yük gətirdiyi üçün, bir istiqamətdə bu məsafə 500 km-dən artıq olduğundan, həmçinin yükləmə və boşaltma işlərinə də əlavə vaxt tələb olunduğundan həmin daşımalara təyin olunmuş 48 saat kifayət etmir. Bu səbəbdən də təyin olunan müddətə Azərbaycan daşıyıcılarına münasibətdə yenidən baxılması zərurəti yaranıb. Nəticədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Gürcüstanın İnfrastruktur və Dayanıqlı İnkişaf Nazirliyi ilə müzakirələrdən sonra Azərbaycanla bağlı yükdaşımalarının xüsusiyyətləri nəzərə alınaraq bu məsələyə yenidən baxıldı və göstərilən müddət 7 gün olmaqla uzadılması barədə qərar qəbul olundu".

DANX rəsmisi qeyd edib ki, eyni zamanda Gürcüstan ərazisində qalan yerli daşıyıcılarımıza məxsus avtonəqliyyat vasitələrinə rəsmiləşdirilmiş cərimələr ləğv edildi:

"Bu həssas dönəmdə Gürcüstan Hökumətinin etdiyi bu köməyə görə onlara təşəkkür edirik və daşımalar sahəsindəki əməkdaşlıqda bu cür anlayış faktorunu yüksək qiymətləndirdiyimizi xüsusi vurğulamaq istəyirik. Qeyd olunan müddətin uzadılması ilə bağlı arqumentlərimizi nəzərə alaraq qonşu dövlətin aidiyyəti qurumları tərəfindən göstərilən özəl dəstəyə görə minnətdarlığımızı bildiririk".

Anar
Xəbəri paylaş