Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SSRİ-ni bərpa etmək boş xəyaldan başqa bir şey deyil



Newscenter.az.21.04.2020.
İndi az qala hamı Putinin "yeni SSRİ planı" haqda danışır. Amma bu həqiqəti birdəfəlik qəbul etmək, yadda saxlamaq lazımdır ki, SSRİ-ni bərpa etmək boş xəyaldan başqa bir şey deyil və bu proses bundan sonra heç vaxt baş tutmayacaq. Rusiya lideri Vladimir Putinin sözlərini də düzgün başa düşməliyik. Putin deməyib ki, SSRİ-ni yenidən bərpa etmək lazımdır. Onun "Rossiya" telekanalına müsahibəsində SSRİ-nin bərpası ilə bağlı fobiyanın aradan qalxması, MDB ölkələrinin güclərinin birləşdirilməsinin hamının xeyrinə olduğunu vurğulaması heç də Sovetlər İttifaqını bərpa etmək niyyətinin ortaya qoyulması demək deyil.

Bəli, Putin indiyə qədər dəfələrlə SSRİ-nin dağılmasının "böyük səhv" və "geopolitik fəlakət" olmasıyla bağlı fikirlər səsləndirib və eyni zamanda SSRİ kimi güclü, böyük bir dövlət qurmaq arzusunu da heç vaxt gizlətməyib. Lakin buna baxmayaraq Kremlin hazırki sahibi kifayət qədər realist siyasətçidir və o bu həqiqəti də bütün çlpaqlığıyla dərk edir ki, yeni geopolitik reallıqlar şəraitində hər nə qədər cəhd etsə də belə, sözün tam mənasında SSRİ kimi bir dövlət qurmaq, yaxud da SSRİ-ni eyni tərkibdə, eyni siyasi statusda və eyni ideoloji məzmunda yenidən bərpa etmək heç cür cürə alınmayacaq. Bu qeyri-mümkündür. Yenə deyirəm, Putin realistdir. O, ağılsız və ya dar düşüncəli deyil. Xam xəyallarla yaşamır. Yel dəyirmanı ilə savaşan Don Kixot rolunda da görünməyə hazırlaşmır.

Əgər son 20 ildə sadəcə iki dövləti - Rusiya Federasiyası ilə Belarus Respublikasını "İttifaq dövləti" halında birləşdirmək heç cür baş tutmayıbsa, demək ki, digər postsovet ölkələrini də bir araya gətirmək mümkün olmayacaq. Əlbəttə, MDB ə ya Gömrük İttifaqı kimi birliklər çərçivəsində inteqrasiya proseslərini bir qədər də gücləndirmək, intensivləşdirmək olar. Lakin bütün bunlar heç bir halda SSRİ-nin yenidən "dirildilməsi", restavrasiya olunması kimi anlaşılmamalıdır.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş