Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın voleybol ictimaiyyəti: “Biz Sizinlə fəxr edirik, hər zaman Sizin yanınızdayıq!”



Newscenter.az.25.04.2020. Azərbaycan voleybol ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlanıb. Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən həmin məktubu təqdim edir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan voleybol ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir. Biz idmançılar dünyanın bir çox ölkələrində mötəbər yarışlarda çıxış etmişik. Bu gün ölkəmizin şəhər, rayon və kəndlərində olan yenidənqurma işləri, hər bir vətəndaş, o cümlədən biz idmançılar üçün yaratdığınız lazımı şəraiti yüksək qiymətləndirir və dərin təşəkkürümüzü bildiririk.

Qeyd etməliyik ki, ölkəmizdə baş tutan yarışlar hər zaman aparıcı idman ölkələri üçün belə nümunə olaraq göstərilib. Günü-gündən çiçəklənən, inkişaf edən ölkəmizi təmsil edən idmançılarımız bu gün dünyanın ən güclüləri sırasında yer alırlar. Hər birimizin əldə etdiyi uğurlar isə Sizin bizlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bacardığımız qədər Sizin etimadınızı doğrultmağa çalışırıq və buna davam edəcəyik.

Bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur. Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi, yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Voleybol ictimaiyyəti hər zaman Sizin siyasətinizi dəstəkləyib. Bu günlərdə bir daha sübut olundu ki, Sizin doğru siyasətiniz Azərbaycanı bir çox ölkələrə nümunə etdi. Cənab Prezident, Siz və Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Xanım Əliyeva hər zaman Azərbaycan xalqına, böyükdən kiçiyə kimi hər kəsə həm maddi, həm mənəvi dəstək olursunuz.

Cənab Prezident voleybol ictimaiyyəti hər zaman Sizin dəstəyinizi hiss edib. İnanırıq ki, tezliklə bütün dünya bu xəstəliyə qalib gələcək. Azərbaycan mötəbər yarışlara ev sahibliyi edəcək, biz idmançılar isə həmin yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyik.

Möhtərəm Prezident!

Biz Sizinlə fəxr edirik, hər zaman Sizin yanınızdayıq!
Xəbəri paylaş