Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Məcəlləsinə dəyişiklik özündə nəyi ehtiva edir?



Newscenter.az.25.04.2020. "Bu gün Milli Məclisin qərarı ilə Azərbaycan – Belçika parlamentlərarası işçi qrupun rəhbəri seçilmişəm. Qeyd edim ki, iclasda 27 məsələ müzakirə olundu. Müzakirə olunan məsələlərin bir qismi uyğunlaşdırma xarakteri daşıyırdı. Amma bəzi məsələlər mühüm ictimai əhəmiyyət kəsb edirdi. Bu məsələləri diqqətinizə çatdırmaq istəyirəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Kamal Cəfərov səsləndirib:

"Birincisi yükdaşıma sahəsində müqavilələrin təkmilləşdirilməsi, həmin qanunlarda daşıyıcı, yük göndərənin səlahiyyətləndirdiyi şəxslərin statusu, göndərilən yükə aid lazımı sənədlərin və məlumatların daşıyıcıya təqdim olunması, yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin üzərində mümkün istifadə hüquqlarının (mülkiyyət, icarə, istifadə) dəqiqləşdirilməsidir. Sözü gedən qanunların müvafiq maddələrinə əlavə və dəyişikliklərin edilməsi müxtəlif sahələrdə yükdaşımanın asanlaşdırılması və bu sahədə daşıma qurumları ilə səlahiyyətli qurumlar arasında yarana biləcək mübahisələrin aradan qaldırılmasına xidmət edəcəkdir".

Millət vəkili qeyd edib ki, digər ictimai əhəmmiyyət kəsb edən qanun layihəsi isə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsidir:

"Sözü gedən məcəlləyə təklif olunan dəyişikliyin əsas məğzi Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətədaşlığı olmayan şəxslərin viza verilməsi ilə bağlı vəsatətlərinin (müraciət) qısa müddətdə baxılaraq təmin edilməsi məsələsidir. Beləki siyahısı Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqlarında verilən vizaların 15 günədək müddətdə deyil, elektron vizalarda olduğu kimi ən geci 3 iş günü müddətində verilməsi təklif olunur. Həmçinin, təklif olunan digər bir mühüm dəyişiklik isə ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, peşə təhsili müəssisələrində təhsil alan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi məsələsidir".

Kamal Cəfərov bildirib ki, digər ictimai əhəmiyyət kəsb edən qanun layihəsi isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsidir:

"Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial-yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanmışdır. Belə ki, sözügedən əməliyyatlara görə ölkə daxilində tətbiq olunan bir sıra dövlət rüsumları ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində həyata keçirilən həmin xidmətlər və hüquqi hərəkətlər üçün müəyyən edilmiş dövlət rüsumunun dərəcələri arasında kəskin fərqlər mövcuddur".

Anar
Xəbəri paylaş