Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çindən Türkiyəyə gedən yük qatarı Bakı limanından keçib



Newscenter.az.27.04.2020. Çindən Türkiyə istiqamətində hərəkət edən növbəti yük qatarı Bakı Limanından keçib.

Bu barədə məlumatı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC yayıb.

Məlumata görə, Çindən Avropaya hərəkət edən və Avstriya Dəmir Yollarının operator olduğu növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyənin Köseköy məntəqəsinə istiqamətlənib. Əsasən elektron cihazlar, maşın avadanlıqları və digər istehlak mallarından ibarət qatar Çinin Sian şəhərindən Bakı Limanına 6 günə çatıb.

Sayca ikinci olan və 115 vaqondan ibarət qatarın operatoru Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti “ÖBB Rail Cargo Group”dur. Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir.

Gələcəkdə də Sian- Köseköy marşrutu üzrə qatarların daim işləyəcəyi, Orta Dəhliz (Middle Corridor) və Çin-Türkiyə-Avropa Birliyi dəhlizinin mühüm bir hissəsi olacağı nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.
Xəbəri paylaş