Newscenter.az.27.04.2020. Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib.
Newscenter.az-a Agentlikdən bildirilib ki, ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan daha 34.4 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında əsaslı təmiri nəzərdə tutulan rayon üzrə adı çəkilən digər qəsəbələrinin ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Anar