Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib



Newscenter.az.30.04.2020. Dövlət Gömrük Komitəsinin rəhbərliyi və "Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri arasında onlayn rejimdə görüş keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, "Caspian European Club"un sədri və baş icraçı direktoru Telman Əliyev və klubun üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov virtual müzakirə zamanı bir daha sahibkarlara qısaca olaraq koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, gömrük sərhədini keçən nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya olunduqdan sonra ölkə ərazisinə buraxılır. Bu məqsədlə gömrük-keçid məntəqələri bütün zəruri avadanlıqlarla təchiz edilib.

Komitə sədrinin müavini vurğulayıb ki, idxal-ixrac və tranzit əməliyyatları hər hansı məhdudiyyət olmadan həyata keçirilir, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə bütün addımlar atılır. Eyni zamanda, beynəlxalq ticarətin davamlılığının təmin edilməsi, mal və nəqliyyat vasitələrinin sərhəddən maneəsiz və sürətli keçidinin təmin olunması məqsədilə qonşu ölkələrin gömrük orqanları ilə də mütəmadi danışıqlar aparılır, məlumat mübadiləsi həyata keçirilir.

Cavad Qasımov Dövlət Gömrük Komitəsinin "Caspian European Club"la əməkdaşlığa böyük önəm verdiyini, klubun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Komitənin fəal iştirak etdiyini bildirib və növbəti forumlarda da bu ənənənin davam edəcəyini vurğulayıb.

Daha sonra "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev səmimi görüşə görə təşəkkürünü bildirib, "Caspian European Club"un Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığından məmnunluqla söhbət açıb, səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda "Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri tərəfindən ünvanlanan suallar cavablandırılıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Zaur
Xəbəri paylaş