Newscenter.az.6.05.2020. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqaməində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, imzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə 7.8 mln.manat ayrılmışdır.
Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kv.m-dən çoxdur.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Bu Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin göl ətrafı yol, həmçinin I və II köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən 20-ə yaxın dalan, döngə və yollarda da təmir işləri görülüb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılıb.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 17.9 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 km uzunluğa malik Üzeyir hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 4.9 km olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda, həmçinin 7 km-lik Zığ-Hövsan avtomobil yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Artıq sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsində İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, İlqar Əhlimanov və Rasim Şahsuvarov küçələrində, həmçinin Əmircan qəsəbəsində Vladimir Balandin küçələrində isə təmir işləri davam etdirilir.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
Anar