Newscenter.az.7.05.2020. “Bu gün bütün dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğu bir vaxtda COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir”
Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib:
“Bildiyiniz kimi, aprelin 27-dən etibarən ölkədə xüsusi karantin rejimi yumşaldılmağa başlayıb. Vətəndaşlarımız Azərbaycanda koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr, nəticə pis ola bilər. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir”.
Millət vəkili qeyd edib ki, bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər:
“Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. İndi daha çox ehtiyatlı olmaq lazımdır. Hər kəs gigiyenik qaydalara əməl etməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, vacib işi olmadığı halda evdən çıxmamalıdır. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməli və evdə qalmaqla virusa tam qalib gəlməliyik. Hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət etməlidir. Xahiş edirəm, çağırışıma səs verəsiniz və həmrəylik göstərəsiniz”
Anar