Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Həsənovun topdağıtmaz varidatı



Newscenter.az.16.05.2020. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin bölgüsü zamanı baş verən qanunsuz hallardan danışandan sonra Baş nazirin keçmiş müavini Əli Həsənov diqqət mərkəzinə gəlib.

Əli Həsənov həm də 20 il (1998-2018) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib. Prezidentin tənqidi fikirləri məhz onun fəaliyyət dövrünə aid edilir.

“Bu yaxınlarda mənə məlumat verildi, – bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər”, – deyə ölkə başçısı çıxışında bildirib.

Bu məsələ barədə mediada vaxtaşırı materiallar dərc edilib. Məcburi köçkünlər üçün tikilən evlərin əslində satıldığı faktlarla ictimaiyyətin diqqətinə çatdırılıb. İndi bunun Prezident səviyyəsində dilə gətirilməsi artıq Əli Həsənovun fəaliyyətinin araşdırılması məsələsini zərurətə çevirib.

Newscenter.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu arada Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Əli Həsənov və ailə üzvlərinin biznesi barədə maraqlar faktlar açıqlayıb. Jurnalistin sözlərinə görə, Əli Həsənovun kürəkəni Elman Allahverdyev Almaniyanın Hamburq şəhərində ilk şirkətini – “Lohimex GMBH” ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir.

Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində “Glorios Hotels Resorts GMBH” şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın almışdı. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satıb.

Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var. Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi “Gardenia” Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib. Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var.

Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi “Semari” Məhdud Məsuliyyətli Cəmiyyəti də (hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd ibn Hinduşah ev 618 məhəllə10, mənzil 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir.

Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət – “C.T.S. Automotiv” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ilin iyulunda qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd ibn Hinduşah, ev 618, məhəllə10, mənzil 16.

Əli Həsənovun qızı Roza Əli qızı Allahverdiyeva “Gardenia” MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016–cı ilin mayında qeydiyyatdan keçmiş “Golden House ” Mənzil Tikinti Kooperativinin təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir.

Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevlə bağlı qalmaqalı da yada salmaq yerinə düşər. O, 2017-ci ildə avtoxuliqanlıq nəticəsində qəza törədərək iki nəfərin ölümünə səbəb olmuşdu. Amma yüksək vəzifə sahibi olan babasının sayəsində iki il sonra azadlığa buraxıldı. Nail Allahverdiyevin bahalı avtomobillər kolleksiyası və yüksək sürət həvəskarı olduğu barədə də faktlar mövcuddur.
Xəbəri paylaş