Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: "İnsanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər"



Newscenter.az.31.05.2020. “Aprelin 27-dən etibarən xüsusi karantin rejimi yumşaldılmağa başlayıb. May ayının 4-ü, 11-i və 29-da qaydalar daha da yumşaldılıb. Əlbəttə ki, hökumət bu qərarı ciddi təhlillər apardıqdan sonra verib. Ümumiyyətlə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirilir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib. O, bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir:

“COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Karantin rejiminin yumşaldığını əsas götürərək vətəndaşlarımız tam sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr, vəziyyət yenidən pisləşə bilər. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır”.

Fatma Yıldırım deyib ki, bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər:

“Bu səbəbdən də, karantin rejiminin yumşalmasına baxmayaraq, vətəndaşlar diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Xüsusilə, insanların tibbi maskadan istifadə etmələri vacib şərtdir. Bu gün Milli Məclisin plenar iclasında müvafiq yerlərdə tibbi maskalardan istifadə etməyənlər üçün cərimələrin tətbiq edilməsi məsələsi müzakirə olunur. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə yeni 211.2-ci və 211.3-cü maddələrin əlavə edilməsi nəzərdə tutulur. Ümid edirəm ki, xalqımız bu qaydalara riayət edəcək, cərimələr az olacaqdır. İnsanlar artıq başa düşməlidir ki, məsuliyyət tədbirlərinə əməl etmək respublikamızda xəstəliyin yayılmasının qarşısını almaqla, bizi böyük fəsadlardan qurtaracaq”.

Millət vəkili daha sonra qeyd edib:

“Düşünürəm ki, cərimələrin tətbiq olunması çox düzgün qərardır. Çünki son günlər ölkəmizdə koronavirusa yoluxanların sayının xeyli artması bu addımın atılmasını zəruri edir. Çox təəssüflər olsun ki, bir çox vətəndaşlar bu təhlükəyə laqeydliklə yanaşırlar. Tibbi maskadan istifadə edilməsi zəruri olan yerlərdə ondan düzgün istifadə etmirlər. Metroya daxil olarkən tibbi maskanı taxır, amma vaqonlarda hərəkət zamanı onu çıxarıb ciblərinə qoyurlar. Eləcə də, marşrutlarda və digər əhalinin sıx olduğu yerlərdə, iaşə, ticarət obyektlərində tibbi maskalardan istifadə olunmur. Biz bu laqeydliklə, məsuliyyətsizliklə özümüz özümüzü niyə aldadırıq?! Bu gün Avropada və digər bır sıra ölkələrdə koronavirus infeksiyasına yoluxanların sayı azalmaqdadır. Çünki həmin ölkələrin vətəndaşları qaydalara çox ciddi şəkildə əməl edirlər. Koronavirus bəlasından qurtulmaq üçün Operativ Qərargahın tibbi maskalardan istifadənin məcburiliyi haqqında verdiyi qərar, eləcə də, bu qərara əməl etməyənlərin qanunla cərimələnməsi düşünürəm ki, bu sahədə nizam-intizamın güclənməsinə səbəb olacaq. Nəticə etibarilə, infeksiyaya yoluxanların sayının azalacağına inanırıq. Bir daha sizləri Operativ Qərargahın tövsiyələrinə əməl etməyə çağırıram”.

Anar
Xəbəri paylaş