Newscenter.az.2.06.2020. Koronavirus pandemiyası ilə apardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük. Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının töhfəsi böyük oldu. Əgər digər ölkələrə nisbətdə pandemiyanın fatal fəsadları ölkəmizdə az oldusa, bunda medianın da rolu böyükdür. Bunları nəzərə alaraq, təsadüfi deyil ki, media idarəçiliyin bir qolu kimi tanınır. Burada hökumət qurumlarının da media ilə yaxından kommunikasiya qurulmasında səylərini vurğulamaq lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi brifinqlərin keçirilməsi bu səylərin bariz nümunəsidir. Bundan əlavə, Cənab Prezident İlham Əliyevin media mənsublarına daimi diqqəti və onlara ayırdığı zaman, dövlət idarəçiliyində medianın xidmətlərinin tanınmasıdır.
Lakin, bu vəziyyətdə bəzi media qurumlarının milli təhlükəsizliyimizə və inkişafımıza məsuliyyətsiz yanaşma hallarını da müşahidə etdik. Yanlış, əsaslandırılmamış məlumat yayaraq cəmiyyət arasında təlaş yaratma hallarını buna misal göstərmək olar. O biri tərəfdən baxsaq, bu cür neqativ hallar xalqımıza hansı media mənbələrinin daha etibarlı olduğunu anlamağa və məlumatları yalnız rəsmi mənbələrdən izləməli olduqlarına siqnal verdi.
İctimai rəyin neqativləşməsinə hədəflənmiş bu tip əsaslandırılmamış məlumatların yayılmasında sosial şəbəkələrin yaratdığı “imkanları” nəzərə alaraq, bu şəbəkələrdə yayılan bəzi məlumatların üzərində nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu nəzarət eyni zamanda, milli əxlaqımıza zidd addımlar atan bəzi individual şəxslərə də şamil olunmalıdır.
Əslində, Möhtərəm Prezidentimiz İlham Əliyev problemlərinə toxunduğu, eyni zamanda dəstək gözlədiyi sahələrdən birinin məhz müstəqil və sağlam media olduğunu dəfələrlə bildirmişdir. Bunun üçün isə ilk növbədə qanunvericilik hakimiyyəti tərəfindən hüquqi əsaslar yaradılmalıdır. Bu məsələyə post-pandemiya dövrünün digər bir çağırışı kimi də yanaşa bilərik.
Bunları nəzərə alaraq, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin dəsti-xəttini əsas tutan, öz işinə peşəkarcasına yanaşan, birliyimizi təmin edərək “Biz Birlikdə Güclüyük” aksiyasına müsbət töhfələr verən media qurumlarına təşəkkürümü bildirmək istərdim. Öz məsuliyyətini tam anlamayan media orqanlarına isə təklifim milli birliyimizin, inkişafımızın və sosial ədalətin təmin olunmasında əhəmiyyətlərini daha da yaxşı dərk etmələridir. Müasir texnologiyaların yaratdığı imkanlardan dövlətimizin inkişafı və çiçəklənməsi istiqamətində istifadə etmək lazımdır.
Bütövlükdə götürsək, media qurumları üçün də bu yeni konteksə uyğunlaşmaq böyük təcrübə toplamağa imkan verdi və onların fəaliyyətində sağlamlaşma ilə müşahidə olundu.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı